2025-ci il «Şamaxı» üçün qətiyyən yaxşı başlamayıb.
Premyer Liqanın üçüncü dövrəsində məğlubiyyətləri sıralamaqda davam edirlər.
«Qarabağ» və «Zirə»yə uduzmuşdular, növbəti yenilgini də «Neftçi»dən aldılar.
Qoy, Ayxan Abbasovun hücumçuları bir az əl-üzlərinə su vursunlar, gözlərinə işıq gəlsin. Ayaqları tutulub, başları qaçıb nədir, özlərini çox «yüngül» aparırlar.
Qol epizodu yaratmağa çətinlik çəkməyən «Şamaxı»nın qol vura bilməməsi birbaşa onların günahıdır.
«Neftçi» ilə qarşılaşma bəlli etdi ki, niyə Belajdi Pusi ilə Leroy Mikels niyə bu formanı geyinir, nə üçün indiyədək onlara iddialı klublardan real təkliflər gəlməyib.
Beş-altı şansdan yalnız bir-ikisini dəyərləndirən ön xətt oyunçularına kim etimad göstərər ki…
«Şamaxı»nın pulu azdır, bir balaca imkanları çatsaydı, Ayxan Abbasov bu «çolaqlar»la yola çıxmazdı, onların ümidinə qalmaq istəməzdi.
Büdcəsində «siçan-pişik» gəzişən «Şamaxı» bu çatışmazlığı oyunu ilə gizlədir. Debütant və ya autsayderə xas oyun oynamırlar.
Bir üslubu var komandanın, «Neftçi»nin də üstünə getdilər, ilk hissədə iki-üç fürsət də yaxaladılar və imkanları boşa verib, heç nədən penaltiyə səbəbkar oldular, uduzdular.
«Şamaxı» bu məğlubiyyətlə turnir cədvəlində doqquzuncu yerə endi. «Səbail» bu gün Tovuzdan qələbəylə dönsələr, lap axırıncı sıraya yuvarlanacaqlar.
Ayxan Abbasova «Şamaxı»nı qoyub getməyi məsləhət görmürük. Sadəcə, futbolçuları ilə son kərə ciddi söhbət etməlidir.
Nədir bu: artıq altıncı dəfədir qapılarına penalti təyin olunur.
MUSA