"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov qış təlim-məşq toplanışı çərçivəsində "Sabah"la baş tutan yoxlama görüşündən (0:2) sonra Sportinfo.az-a müsahibə verib.
Təcrübəli mütəxəssis ilk öncə qarşılaşma barədə danışıb.
- Qış toplanışında son oyunumuz idi. Futbolçularda yorğunluq hiss olunurdu. Üç hissə oynadıq, amma iki hissədə istədiyimiz tempi ala bildik. Yaxşı imkanlar oldu. Təəssüf ki, yararlana bilmədik. Bu gün hər kəsi meydanda gördük. Qarşıda uzun marafon var.
- Uzun marafona heyət nə qədər hazırdı?
- Uşaqların hər məşqdə, oyunda artırdıqları göz önündədir. Bu gün gənclərə şans verdik. Daha çox təcrübə qazanmalarına ehtiyac var. Yeni transferlərə vaxt lazımdır. Formadan uzaqdılar. Bəziləri xəstə olduğu üçün bu gün meydana çıxa bilmədi. Amma bu oyunlar imkan verdi ki, onları meydançada görək.
- "Sabah"dan fərqli olaraq sizin üçün ikinci yoxlama görüş idi. 3 hissə olması ağır olmadı?
- Biz bu təklifə razılıq verəndə heyəti düşünüb cavab vermişdik. Lakin sonradan bir neçə oyunçu ilə yolları ayırdıq. Yeni transfer xəstələndi. Bunları düşünməmişdik. Ona görə də hər kəsə şans verdik. Qarşıda 5 günümüz var. Rəsmi oyuna kimi hazır olacağıq.
- Üçüncü qapıçı Abdulla Seydəhmədovu öncə stoper, sonra forvard kimi oynatdınız. Əvvəldən planda var idi?
- Abdulla məqşlərdə oyunçuya ehtiyacımız olanda kömək edir. Onda bu potensialı görürdük. Bu gün də bizə kömək etdi.
- Həqiqətən, pis təsir bağışlamadı. Premyer Liqada da onu görə bilərik?
- Ola bilər (gülür)
Xanoğlan İmanov