Adları oyun nəticələrinin manipulyasiyasında hallandığına görə “Şamaxı”dan uzaqlaşdırılan futbolçularla bağlı araşdırmalar davam edir.
Bölgə təmsilçisi şübhəli oyunçularla bağlı AFFA-ya məlumat verib, assosiasiya rəsmiləri isə faktları toplamaqla məşğuldur.
Şübhəlilərdən biri Adil Nağıyev saytımıza açıqlamasında Azərbaycan klublarının ona maraq göstərmədiyini deyib, Albaniyadan olan təkliflərə isti yanaşmadığını bildirib.
Kantariya isə işsiz günlərinin ən qısa zamanda başa çatacağını gizlətməyib.
İndiki durumda maraqlı sual yaranır.
Nağıyevlə Kantariya şübhəli bilinərək klubdan uzaqlaşdırılıbsa, onlara azad agent statusu verilib? Yəni, məsələn, sabah istənilən klubla rəsmi müqaviləyə imza atmaq imkanları var?
“Şamaxı”nın mətbuat katibi Yusif Hüseyn sualımıza cavab olaraq bunları dedi:
“Hər iki futbolçu ilə müqavilələrə xitam verilib və müvafiq xitam razılaşmasının onlara məxsus nüsxəsi futbolçuların özlərinə təqdim edilib. Hal-hazırda həmin futbolçular azad agent statusuna malikdirlər.
Onların hər hansı bir klubla, təbii ki, müəyyən hüquqi maneələr olmasa, müqavilə imzalamaq imkanları var.
Əgər onlar bu imkandan istifadə edəcəklərsə, “Şamaxı” FK da transferlərlə bağlı FİFA-nın elektron sistemində müvafiq hər hansı bir keçidə problem yaratmayacaq”.
Hər iki futbolçu dekabrın 9-da “Turan Tovuz”la səfər oyunundan əvvəl düşərgədən kənarlaşdırılıb.
HƏBİB / SPORTİNFO.AZ