Ötən il “Şamaxı”nı çempion edən futbolçuların gözləri yoldadır.
I Liqanın qalibi olaraq Premyer Liqaya vəsiqə qazanılmasında əsas pay sahibi olan komanda üzvləri hələ də söz verilən mükafatı almayıb.
Hələ ötən ilin mayında onlara liqanın qalibi olacağı halda mükafat vəd edilsə də, geridə qalan 7 ayda “qara qəpik” də ödənilməyib.
Edilən müraciətlərin qarşılığında aldıqları “bu gün-sabah” cavabından boğaza yığılan çempion futbolçular çəkilən əziyyətin mükafatını tələb edirlər.
“Şamaxı”nın mətbuat katibi Yusif Hüseyn Sportinfo.az-a açıqlamasında məsələnin həll olunacağını bildirib:
“Təəssüf ki, nəzərdə tutulan pullar bu günə qədər ödənilməyib. Ancaq 100 faiz ödəniləcək. Sadəcə, indiki vəziyyətdə dəqiq tarix deməkdə çətinlik çəkirik.
Çempionluq qarşılığında vəd olunan mükafat fondu cari mövsümün büdcə planlamasında nəzərdə tutulub. Pullar mütləq veriləcək”.
Klubun sözçüsü dəqiq vaxt deməkdə çətinlik çəksə də, söz verilən pul mükafatı UEFA-nın klubların büdcəsinə köçürəcəyi məbləğdən ödəniləcək.
Odur ki, intizarda olanda Avropanın futbol qurumundan gələcək xoş xəbəri gözləməlidir.
HƏBİB