Mövsümün əvvəlində «Qəbələ»dən qalmaqalla ayrılan Mehrac Baxşalı karyerasını Premyer Liqada davam etdirə bilməyəcək.
«Şamaxı» xeyli müddətdir baxışdan keçirdiyi yarımmüdafiəçini 6 aylıq icarəyə götürmək istəyib, di gəl, atdıqları ox hədəfə dəyməyib.
Kaxaber Sxadadze ilə sözləri çəp gəldiyi üçün 3 aya yaxındır ortalıqda qalan 21 yaşlı vinger «şirlər»in təklifini qəbul etməyib.
«Şirlər»in 700-800 manat əməkhaqqı ödəmək istəməsi Mehracın xoşuna gəlməyib. O, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan klubdan bundan 3 dəfə artıq məvacib tələb edib.
«Şamaxı» bu məbləği qarşılamaqdan vaz keçsə də, çox maraqlıdır ki, II Liqadan Baxşalıya «gəl» deyənlər var.
I Liqaya iddialılardan «Şahdağ» və «Şəfa» vingerin məlum miqdarda maaş arzusunu yerinə yetirməyə hazırdır.
SPORTİNFO.AZ