“Yaxşı nəticə qazanmaq üçün məşqlərdə hazırlaşıb, meydanda ən yaxşısını etməyə çalışacağıq”.
Bunu Sportinfo.az-a açıqlamasında “Şamaxı”nın portuqaliyalı qapıçısı Rikardo Fernandes deyib.
Bu mövsümdən Premyer Liqamızda çıxış edən kipper “Qarabağ” barədə ağızdolusu danışıb:
“Dörd gün ərzində “Qarabağ” və “Sabah”la qarşılaşdıq. Şübhəsiz, hər ikisi Premyer Liqanın ən güclülərindən hesab olunur.
Ancaq bizim də məqsədimiz var idi. Meydanda yaxşı mübarizə apardıq.
Qol da vurduq, amma qeydə alınmadı. Hətta ondan sonra başımızı dik saxlayaraq, oyunumuzu oynaya bildik.
“Qarabağ” çempionatda ən yüksək büdcəyə malik komandadır. Ona görə də ən güclü komandadır.
Son dəqiqələrdə Musa Qurbanlının vurduğu qolun qarşısını ala bilmədik. Zona verməməli olduğumuz anlar idi.
Amma biz onu verdik. Həmin dəqiqələrdə aqressiv olmalı və rəqibin topa toxunmasına imkan verməməliydik.
Həmin vaxtda yüksək keyfiyyətli oyunçulara qarşı işiniz daha da çətinləşir.
Təəssüf ki, son dəqiqələrdə qol buraxıb uduzduq. Halbuki daha yaxşı nəticə mümkün idi.
Qış fasiləsindən əvvəl növbəti çətin oyunumuz oldu. “Sabah” oyununu və nəticələrini yaxşılaşdıran komandadır.
Matça aqressiv və düzgün münasibətlə çıxdıq. Uğurlu nəticə üçün çalışdıq və layiq olduğumuz 3 xalı qazandıq.
Onu bilin ki, biz heç bir oyuna uduzmaq üçün çıxmırıq. Biz lazım olanları edəndən sonra nəticə özü bizi tapacaq.
Vacib olan tapşırıqları yerinə yetirməkdir. Yenə deyirəm, önəmli olan meydanda maksimumu etməkdir. Yeni ildə də bunun üçün çalışacağıq”.