"Şamaxı"nın yarımmüdafiəçisi Edqar Adilxanov Sportinfo.az-a müsahibə verib.
- Premyer Liqanın 18-ci turunda "Sabah"ı 3:1 hesabıyla məğlub etdiz. Vacib qələbə haqda nələr deyə bilərsən?
- Çox intensiv oyun getdi. "Sabah"dan üstün oyun keçirdik. Vurduğum qolla komandama kömək etdim. "Qarabağ"la oyunda qolum sayılmadı. Bu gün fərqlənməyi Çox istəyirdim. Şükür yekunda bacardım. Çox sevincliyəm.
- O zaman "Qarabağ"la oyunda sayılmayan qolun səni iki qat motivasiya etdiyini demək olar?
- Bəli. Mental olaraq özümü elə hazırlamışam ki, məni heç nə sındıra bilməz.
- Matçdan öncə rəqib daha şanslı görünən tərəf idi. Yaxşı oyunla qələbəni əldə etməyi necə bacardınız?
- Son 4 görüşü yüksək səviyyədə oynayırıq. Bu gün də istək daha çox idi. Bilirdik ki, daha çox mübarizə aparan sonda sevinən tərəf olacaq. O da biz olduq.
- Son oyunlar diqqətləri üzərinə çəkə bilmisən. İndi səni daha çətin missiya gözləyir. Stabilliyi qorumaq və gözləntiləri qarşılamaq. Bunu bacara biləcəksən?
- Əlbəttə, hər oyun qol vurmaq çətin işdir. Amma işimin komandaya kömək etmək olduğunu bilirəm. Mən də maksimum çalışacam ki, "Şamaxı"ya kömək edim. İnşallah, öhdəsindən gələ bilərəm.
- Ötən mövsüm Birinci Liqada belə sənə güvənmirdilər. Amma bu gün Premyer Liqada özünü göstərə bilirsən. Düşünmürsən ki, arxada qalan mövsüm sənə qarşı haqsızlıq olub?
- Hər məşqçinin öz baxışı var. Haqsızlıq edildiyini deməzdim. Yəqin ki, düşüncələrində əsas heyə üzvü kimi yararlı deyildim. 11 görüşdə iştirak etmişdim və hamısında ehtiyatdan oyuna qoşulmuşdum.
XANOĞLAN İMANOV