COP29

Azərbaycanda parlayan almaniyalının bərbad keçmişi

7 Yanvar 23:00 Şamaxı 1 537
Azərbaycanda parlayan almaniyalının bərbad keçmişi

Premyer Liqanın birinci yarısının parlayan adlarından biri Leroy Mikels oldu.

Mövsümün startından bir neçə gün sonra "Şamaxı"ya transfer edilən vinger qısa müddətdə kollektivin əsas fiquruna çevrilə bildi.

16 matçda iştirak edən almaniyalının aktivində 4 qol, 3 məhsuldar ötürmə var.

Ayxan Abbasovun kəşf etdiyi yarımmüdafiəçinin adı artıq indidən iddialı klublarla birgə çəkilir.

Maraqlıdır, bəs "Şamaxı"ya qədər Mikels haralarda olub?

Bu barədə vəziyyət heç də ürəkaçan deyil.

İstedadı olduğu aşkar sezilən futbolçunun artıq 29 yaşı var.

Karyerasının sonu heç də uzaqda deyil.

Deməli, əsas bölüm arxada qalıb. Və həmin hissədə Mikels öz adına xoş nə iləsə yadda qalmayıb. Keçək detallara...

O, futbolun sirlərini Almaniyada öyrənib.

Düz 28 yaşına kimi karyerası bu ölkənin aşağı liqalarında var-gəl etməklə keçib. 11 ildə nə az, nə çox 8 komanda dəyişib.

Ən yaxşı halda üçüncü Liqa təmsilçisində forma geyinib.

Daha çox isə region liqa klublarının işinə yarayıb.

2023-cü ildə ilk dəfə ölkədən kənara çıxmaq qərarı verib.

Bolqarıstanın "Spartak Varna" komandası onunla anlaşıb.

O, yarım mövsüm duruş gətirdiyi Avropa klubunda meydana çıxdığı 18 matçda vurduğu 1 qolla yadda qalıb.

Növbəti dayanacaq Səudiyyə Ərəbistanı olub. Buradakı ömrü isə 1 mövsüm çəkib. "Al taraj" formasında keçirdiyi 25 qarşılaşmada cəmi 2 dəfə fərqlənə bilib.

"Şamaxı" Mikelsin Almaniyadan kənarda üçüncü klubudur.

İlk iki cəhd uğursuz olub. Üçüncü cəhdin başlanğıcı əladır. Qalır davamını gətirmək. Vinger bunu da bacarsa, yayda bu yaşına qədər görmədiyi yaxşı maaş qarşılığında iddialı bir kluba keçə bilər.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti