Bolqarıstanın “Arda” klubu azərbaycanlı müdafiəçi Cəlal Hüseynovun Azərbaycanda oynamasına mane olmayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
17 dekabr Azərbaycan mətbuatında yuxarıdakı məzmunda xəbər yayıldı.
27 dekabr isə "Şamaxı" klubu Azərbaycan millisinin üzvü Cəlal Hüseynovu heyətinə qatdığını elan etdi.
Və rəsmi açıqlamada “Arda”ya (Bolqarıstan) məxsus olan müdafiəçinin mövsümün sonuna qədər icarə əsasında komandada çıxış edəcəyi yer almışdı.
İki informasıya arasında yaranmış təzad gözdən qaça bilməz. Axı "Arda"dan ayrılan futbolçu "Şamaxı"ya icarəyə necə verilə bilər? Bəlkə, bilmədiyimiz hansısa qaranlıq məqam var?
Klub və futbolçudan sualımıza cavab olaraq bildirilib ki, həqiqətən Hüseynovun Bolqarıstan təmsilçisi ilə qüvvədə olan müqaviləsi var.
Və tərəflər heç vaxt müqaviləyə xitam vermək barədə düşünməyib.
21 yaşlı müdafiəçi Bolqarıstan klubu ilə ümumilikdə 45 oyun keçirib, 1 qol vurub.
Cəlalın "Arda" ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.
Cəlal əvvəllər “Zirə” və “Şamaxı”da çıxış edib.
XANOĞLAN/ SPORTİNFO.AZ