Bir müddət əvvəl «Şamaxı»dan kənarlaşdırılan Adil Nağıyevi yaxınlarda daha ağır cəza gözləyir. Saytımız bu haqda AFFA-dan məlumat əldə edib. Qurumdan redaksiyamıza daxil olan informasiyaya görə, komandanın sabiq kapitanı ilə bağlı aparılan araşdırma başa çatıb. Federasiya topladığı məlumatları artıq hüquq-mühafizə orqanlarına təqdim eləyib.
AFFA onu futboldan ömürlük uzaqlaşdırmağa hazırlaşır. Elə «Şamaxı» rəhbərliyi də bunu istəyir. Əyalət təmsilçisi bu proseslə əlaqəli federasiya ilə daimi münasibətdədir.
«Şirlər»in israrının səbəbi şübhəli oyunların üstünün açılması marağıdır. Onların əlində buna dair bəzi tutarlı bilgilər var. Burada yalnız ölkə kubokunun 1/8 final mərhələsinin «Zirə» ilə oyunu nəzərdə tutulmur. «Şamaxı» başbilənləri 1:3 hesablı məğlubiyyətlə yanaşı, Premyer Liqanın ikinci dövrəsinin bütün matçlarının araşdırılmasını AFFA-dan tələb edib. Yerli klub idarəçilərinə görə, komandanın çempionatın bu hissəsində qeydə alınan yenilgilər təsadüf ola bilməz.
Və təbii ki, rəsmilər yalnız Adil Nağıyevin yaxasından yapışmaqla kifayətlənmir. Onunla birgə müqaviləsinə xitam verilmiş Georgi Kantariya da təhqiqat dairəsinə daxildir. Hazırda ölkəsində olan gürcüstanlı yarımmüdafiəçinin bu məqsədlə istintaqa cəlb edilməsi an, yaxud gün məsələsidir.
SPORTİNFO.AZ