Premyer Liqanın 18-ci turunun sürpriz nəticəsi Şamaxıda qeydə alındı.
İddialı klublar sırasında yer alan "Sabah" adıçəkilən bölgədə şok yaşadı.
Vasili Berezutskinin yetirmələri bir illik fasilədən sonra Premyer Liqaya qayıdan "Şamaxı"ya məğlub oldu - 1:3.
"Şirlər" təkcə tabloda yox, elə meydanda da rəqibinə dərs keçdi.
Özü də kimlərlərlə? Ötən mövsüm elita klublarına lazım olmayan yerli futbolçularla.
Düzdü, "şirlər"in heyətində əcnəbilər də yer almışdı. Və onların da elə parlaq karyerası olduğunu və ya ötən mövsümü hardasa əla keçirdiklərini demək olmaz. Amma əcnəbi deyib üzərindən keçirik.
Bəs heç kimə lazım olmayan yerlilər kimlərdir?
Arsen Ağcabəyov - Ötən mövsümün birinci yarısını Birinci Liqanı erkən tərk edən "İrəvan"da, ikinci yarısını isə elə "Şamaxı"da keçirib. 24 yaşlı müdafiəçi buna qədər də hansısa klubumuzda parlaq oyun sərgilədiyini deyə bilmərik.
Rauf Rüstəmli - Gənclər millimizin üzvü "Qəbələ"nin yetirməsidir. Daha çox "Sabah" və "Qəbələ"nin əvəzedici komandasında forma geyinib.
Rüfət Abbasov - "Neftçi"nin yetirməsidir. Gənclər millimizin üzvünə "ağ qaralar"ın əsas komandasında cəmi 2 dəfə şans verilib. Amma 19 yaşlı futbolçu "Şamaxı" formasında Premyer Liqanın arxada qalan18 matçında da meydana çıxıb.
Edqar Adilxanov - 19 yaşlı yarımmüdafiəçi ötən mövsüm Birinci Liqada çıxış edən "Şamaxı"ya belə lazım deyildi. O, keçirdiyi 10 görüşün hamısını sonradan meydana daxil olmuşdu.
Bu uşaqlarla əldə olunan qələbəyə görə Ayxan Abbasov özü ilə fəxr edə bilər.
Onun rusiyalı həmkarı isə buna görə ən azı utanmalıdır.
XANOĞLAN / SPORTİNFO.AZ