"Şamaxı"nın idarə heyətinin sədri Elçin Usub Premyer Liqanın 18-ci turunda "Sabah"ı məğlub etdikləri (3:1) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
- Bugünkü qələbəni bir sözlə necə ifadə edərdiniz?
- Nəhayət ki...
- Bu, o anlama gəlirmi ki, haqq edirdiniz, amma nail ola bilmirdiniz?
- Elə də demək olar. Amma bu elə geniş ifadədir ki, içində çox şey var. Burada əziyyətimiz, ümidlərimiz, bəxtsizliyimiz var. Futbol ictimaiyyəti də hamısını görür. Bu gün meydanda çox yaxşı mübarizə gördük. Məhz belə oyunların hesabına kimlərisə oyunlara cəlb etmək olar. Qısası, nəhayətin içində hər şey var.
- Həqiqətən, əksər oyunlarda "Şamaxı" meydanda yaxşı mübarizəsi ilə yadda qalıb. Belədə uzun müddət qələbə qazanmağa mane olan nə idi?
- Kollektiv yayda yenidən yığılıb. Bəxtsizlik amili var. Hakimlər haqqında danışmağı xoşlamıram. Heç indi də geniş danışmayacam. Amma müəyyən periodda bəzi məsələlər oldu.
- Məsələn, "Qarabağ"la oyunda sayılmayan qolu qeyd etmək olar?
- Razıyam.
- Həmin görüşdə başverənləri necə şərh edərdiniz?
- Şərh edəsi olsam, gərək hakimlərlə bağlı məsələlərə toxunam. Mən vəkiləm. Peşə olaraq hakimlərlə bir bağlılıq var. Həm də hakimlərin üzərinə çox getdikcə, balans pozulur. Onlar da insandı, səhv edə bilərlər.
- Bəs komandadan göndərilən İlkin Muradov, Adil Nağıyev və Georgi Kantariyanın yoxluğu kluba necə təsir edib?
- Bağışlayın, bu suala cavab verə bilməyəcəm.
- Adıçəkilən futbolçuların gedişindən sonra komandanın oyununda fərq hiss olunmur?
- Meydanda olanları hamınız gördünüz. Görünən kəndə nə bələdçi? Bunu necə şərh edim?
- Göstərilən oyun və nəticələr iddiaların əsassız olmadığını göstərir...
- Şərh vermək istəmirəm (gülür).
- İctimaiyyət klubda yaşananlardan narahatdır. Belə anda birmənalı olaraq başverənlərin üzərindən sükutla keçməyiniz nə ilə bağlıdır?
- AFFA-nın bəyanatı var. Müvafiq orqanlar öz işini görür. Müəyyən məsələlər araşdırılır. Bizim hansısa şərh verməyimiz araşdırmalara təsir edə bilər. Ona görə ümid edirəm ki, məni anlayışla qarşılayacaqsınız.
- Təxminən nə qədər müddət araşdırma üçün yetərli olacaq?
- Məsələ artıq AFFA-nın səlahiyyətindədir. Xüsusi nəzarətdə olan məsələdir. Biz də indiki məqamda gözləmə mövqeyindəyik.
- Mövsümün birinci yarısını komandanın aktivinə yazmaq olar. Amma hazırkı kasad heyətlə bunun davamını gətirmək çətin görünür. Belədə qış fasiləsində güclənmək mümkün olacaq?
- Məqsədimiz heyətin maksimum gücləndirilməsi olacaq. Bəlkə də bəlli hadisələr xeyrimizə işlədi. Məsələn, Edqar, Rauf kimi uşaqlar şans qazandı. Bu gün meydandakı performansları da göstərdi ki, şans alanda, əziyyət çəkib onu dəyərləndirəndə ortaya gözəl mənzərə çıxır. Rəqiblərimiz də boş dayanmayacaq. Razıyam, heyətimiz çox kasaddır. Çalışacağıq boşluqları dolduraq.
XANOĞLAN İMANOV