"Şamaxı"nın qısa müddətdə 3 əsas heyət üzvünə qapını göstərməsi klubun gələcəyi ilə bağlı böyük narahatlıq yaradırdı.
Amma sonrakı turlar ortaya fərqli mənzərə qoydu.
"Şamaxı"nın hətta "Turan Tovuz" və "Qarabağ"la oyunlardakı məğlubiyyətə rəğmən ortaya qoyduğu mübarizə alqışalayiq idi.
Göndərilənlərlə bağlı xoş olmayan iddialar səslənir.
Ortada ciddi ittihamlar var. Araşdırmanın nəticələrini gözləmək mütləqdir.
Amma indidən deyə bilərik ki, gedənlərin yeri görünmür. Meydandan kənar nə etdiklərini deyə bilmərəm.
Amma meydanda zərər verirlərmiş.
Hər halda, kollektiv indi daha mübariz görünür.
Sanki yola salınan adlar bu klub üçün əlavə yük imiş.
Heç səhvlər də əvvəlki qədər deyil. Bunu görmək üçün sağlam gözə ehtiyac yoxdur.
Yaranmış durum heyətdəki gənclər üçün də sanki əla fürsətə çevrilib.
Bu gün 19 yaşlı Edqar Adilxanov, 21 yaşlı Rauf Rüstəmli daha çox oynamaq şansı alır.
Pis də çıxış etmirlər. Məncə, üzərlərində daha çox işləməklə yaxın gələcəkdə Premyer Liqanın daimi sakinlərinə çevrilə bilərlər.
Qısası, bölgə klubundakı skandalın faydası ortadadır.
Zərərini isə tam olaraq araşdırmadan sonra biləcəyik.
XANOĞLAN İMANOV