"Şamaxı" rəhbərliyi yayda "yeni baş məşqçi kim olsun" sualı ətrafında baş sındırdığı vaxtda Ayxan Abbasovun "Turan Tovuz"dan ayrılması göydəndüşmə olmuşdu.
Əbəs deyil ki, az qala Tovuzdan Bakıya çatmamış mütəxəssislə təmasa keçən bölgə klubunun rəhbərliyi onu əməkdaşlığa razı sala bilmişdi.
Cavid Hüseynovla bir dəfə Premyer Liqanı tərk edən "şirlər" eyni aqibəti yaşamaqdan qorxurdu.
Belə səksəkədə Abbasov kimi namizədi əldən buraxmaq olmazdı.
Ki, elə də oldu.
Təcrübəli mütəxəssis gələr-gəlməz heyəti formalaşdırdı.
Təbii ki, məhdud büdcə ilə.
Hədəf də məlum - Premyer Liqada qalmaq!
Birinci Liqanın son çempionu mövsümə fantastik start verdi.
Kollektiv meydana çıxdığı ilk 7 oyunda aktivinə 12 xal yazdırdı. 6 görüşdə məğlubiyyət nə olduğunu bilmədi.
Bəzən əsas heyəti düzəltməkdə çətinlik çəkən "şirlər"in hardasa dayanması qaçılmaz idi.
"Səbail"ə məğlubiyyətlə başlayan gözlənilən həmin "qara zolaq" 9 matçda davam etdi.
Bu görüşlərdən yalnız ikisində - "Neftçi" ilə səfər, "Səbail"lə ev oyununda bölgə komandası 1 xala sevindi. Uğursuz sindrom "Sabah"la son oyunda başa çatdı - 3:1.
Belə düşüşün başa gələcəyini əvvəldən görmək üçün nə mütəxəssis, nə də münəccim olmaq lazım deyil. Sadə azarkeş olmaq da yetərlidir.
Amma nədənsə bəzi sadə (öyrədilmiş də ola bilər) "Şamaxı" azarkeşləri bu qədər aydın həqiqəti görməzdən gəldi.
Hər halda, "Kəpəz"lə oyundakı məğlubiyyətdən sonra yerli publikanın Abbasovu istefaya səsləməsi belə düşünməyə əsas verir.
Görünür, startdakı sürət bəzi ağızlarda şirə salıb. Öz aləmlərində məğlubedilməzlik mifi yaradıblar.
Görəsən, həmin adamlar (və ya bunu öyrədənlər) "Sabah"la oyundakı parlaq oyunla əldə edilən qələbədən sonra nə düşünürlər?
Məncə, xəcalət çəkirlər. Əgər abır-həya hissini tam itirməyiblərsə.
XANOĞLAN İMANOV