COP29

Azərbaycan futbolunun “dayı”sı

11 Noyabr 22:20 Şamaxı 436
Azərbaycan futbolunun “dayı”sı

Şamaxının ev oyunları zamanı matçın necə keçəcəyindən çox ağsaqqal azarkeşin bu dəfə hansı plakatı qaldıracağı və hansı şüarlar səsləndirəcəyi maraqlandırır məni.

İdman jurnalistləri və qonaq klubların rəsmiləri onu yaxşı tanıyır.

70-75 yaş aralığında olan dayı sözün əsl mənasında oyunların bəzəyidir. Şəxsən “Şamaxı”nın hansısa ev görüşünü onsuz təsəvvür edə bilmirəm. Tribuna onsuz quru görünər, tamaşaçıların səsi çıxmaz. Çünki o, əsl azarkeşdir, futbolla nəfəs alır.

“Zirə”ylə oyun zamanı dayı bu dəfə kiməsə “ilişməyi” yox, əslən Şamaxıdan olan yunan-roma güləşçimiz Ülvi Qənizadə ilə fəxr etdiyini əks etdirən plakat qaldırmışdı. Kağız parçasını hamıya nümayiş etdirəndən sonra əsl işinin icrasına başladı.

Azarkeş kimi işi nədən ibarətdir? Müxtəlif atmacalarla rəqib komandaların baş məşqçilərinə və klub rəsnilərinə “ilişmək”.

Rəşad Sadıqov hələ 2 il öncədən onu yaxşı tanıyır. O vaxt heç kim yaşlı azarkeşə cavab verməyəndə, məhz Sadıqovla aralarında müəyyən dialoq yaşanmışdı. Elə bu dəfə də eyni mənzərə təkrarlandı.

Dayı oyunun ilk dəqiqələrindən başlayaraq “Zirə”nin çox sayda legionerə şans verdiyini qabardıb, Azərbaycan futbolunun inkişafı üçün yerli oyunçulara şans verməyin vacibliyini vurğulayırdı. Ara-sıra “Rəşad, Rəşad” da deyirdi ki, söz üvnana çatsın.

“Zirə”nin çalışdırıcısı bir dözdü, iki dözdü, üçüncüdə dilə gəldi. Yarı ciddi, yarı zarafat üzünü dayıya tutub, əlini də meydana uzadıb “Şamaxı”nın heyətində altı legioner oynayır e” cavabını verməklə dayını bir az da qızışdırdı.

Ruan Renatonun ikinci qolu meydan sahiblərinin qapısından keçirməsi ilə bağlı stadionda edilən anonsla odun üstünə benzin töküldü. Stajlı fanat bu dəfə braziliyalı hədəf seçdi:

“Renato, yox bir... Renato hara, kapitanlıq hara? Kapitan azərbaycanlı olmalıdır, legioner yox. Nə qədər ki, Renato kapitanlıq edəcək, Azərbaycan futbolu düzəlməyəcək. Rəşad, yerli futbolçu yetişdiririn, əl çəkin legionerlərdən”.

İnsaf naminə, dayının bu atmacası eşidənləri güldürdü. Ancaq yaşını nəzərə alan “Zirə” rəsmilərindən heç kim ona cavab vermədi. Əksinə, gülümsəməklə ötüşdürməyə çalışdılar.

“Şamaxı”nın sona yaxın vurduğu qol qeydə alınmayanda Azərbaycan futbolunun əsl düşmənləri tapıldı – İnqilab Məmmədovun timsalında bütün hakimlər. Bir-iki söz də onların haqqında deyib, 88-ci dəqiqədə əlindəki kağızı bükərək tribunanı tərk etdi.

Allah ağsaqqal dayıya uzun ömür versin. Adam həqiqətən “Şamaxı”nın oyunlarının bəzəyidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!