COP29

Kapitanın gözü onları axtarır: “Bu, bizə çox lazımdır”

14:40 Şamaxı 122
Kapitanın gözü onları axtarır: “Bu, bizə çox lazımdır”

“Stadiona gələn azarkeşlərimizin sayı kifayət qədərdir.

Sadəcə, fan-klubumuz yoxdur deyə, sakitlik olur”.

“Şamaxı”nın kapitanı Adil Nağıyev Sportinfo.az-a açıqlamasında azarkeşlər barədə danışıb.

Mövsümə inamlı başlayaraq “Zirə”, “Sumqayıt”, “Kəpəz” kimi rəqiblərini məğlub edən, “Sabah” və “Neftçi”, “Turan Tovuz”la bərabərə qalan bölgə təmsilçisinin ev oyunları sakit məcrada keçir.

Halbuki, Tovuzdakı matçlar zamanı yerli azarkeşlərin öz komandalarına necə dəstək verdikləri, rəqiblərə necə təzyiq göstərdikləri kənardan möhtəşəm görünür.

Şamaxılılar çılğın fanatdan çox, səssiz izləyici rolunu oynayır.

Nağıyev saytımız vasitəsilə azarkeşlərə səslənərək onları daha fəal olmağa çağırıb:

“Azarkeşlərimizin dəstəyini hiss edirik. Sağ olsunlar, “Səbail”lə səfər matçına da gəlmişdilər.

Əlbəttə, istərdik ki, tribunada bir qədər fəal olsunlar, 90 dəqiqə azarkeşlərimizin dəstəyini hiss edək.

Futbolçu tribunadan dəstək görəndə, sizi inandırım, ikiqat motivasiya alır. Şamaxıdakı oyunlarda bu, bizə çox lazımdır.

İnanıram ki, növbəti oyunlarda daha fəal olacaqlar”.

“Şirlər” növbəti görüşünü oktyabrın 19-da doğma meydanda keçirəcək. Saat 15:30-da başlayacaq oyundakı rəqib “Araz-Naxçıvan”dır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti