COP29

Ehtiram Quliyev, nə boyda səhv etdin sən…

14:40 Şamaxı 412
Ehtiram Quliyev, nə boyda səhv etdin sən…

Aha, deməli belə…

Yetim də olsan, adamın da olmasa, üzülmə! Tanrı başının üstündə olsun, sənə yetər!

«Turan Tovuz»da Ayxan Abbasova qarşı düz etmədilər. Mayın sonunda anidən xəbər yaydılar ki, bəs baş məşqçini göndərdik.

Bu ayrılığın toz-dumanı yatandan bir qədər sonra da açıqladılar ki, tanış olun, yeni hocamız Kurban Berdiyevdir.

69 yaşlı məşqçinin gəlişiylə Ehtiram Quliyev da dəyişdi. İş adamı sədri olduğu kluba böyük pullar ayırdı. Köhnə futbolçuların müqavilə haqları xeyli artırıldı, yeni transferlərə kifayət qədər iri məbləğlər ödənildi, şərait yaxşılaşdırıldı.

Berdiyevə «orada oturma, burada otur» deyildi, nə istədi, yerinə yetirildi. Qəbələdə, Kızılcahamamda toplanış keçməsinə imkan yaradıldı, hər qələbəyə görə mükafat fondu 100 min manata qaldırıldı.

Hələ harasıdır, komandanı Bakıdan Tovuza aparıb-gətirmək üçün xüsusi sürət qatarı sifariş olundu.

Yaradıldı, sifariş olundu deyirik, amma bu, bu gün də belədir. İmkan yenə həmin imkandır, şərait yenə həmin şəraitdir. Berdiyev də hələlik buradadır.

Orada bir tək Ayxan Abbasov yoxdur.

Məşqçi kimliyi çox önəmlidir. Qızıla bənzədərdim ona. At onu palçığın içinə, qoy bulaşsın çirkə, sonra yerdən qaldır - dəyəri itməz, qiyməti üstündədir.

Abbasov Premyer Liqanın ən kiçik klubunu çalşdırır indi. «Şamaxı»nı büdcəsinə və heç bir başqa-başqa parametrlər üzrə «Turan»la bir tərəziyə qoymaq olmaz.

Müqayisəyə gəlmirlər. Bir şey ki, yiyəsi kimdir, bilinmir. Abbasov bax belə yerdə işləyir. Amma işləyir. İşi də göz önündə.

Premyer Liqanı tərk edəcək gözüylə baxılan «Şamaxı» bu gün məhz onun gücüylə rəqiblərini ayaqlayır, turnir cədvəlinin orta sıralarına «dəmir atır».

Dünən «Turan» Şamaxıda xal qazanmadı. Bu 1 xalı onlara Tural Qurbanov qazandırdı.

AFFA adam tapmadı da əyalətə göndərməyə. Qurbanov hakimdirsə, mən futboldan heç nə bilmirəm. Haradan tutub gətiriblər, kimin xahişiylə hakim qiyafəsində ortalığa çıxarıblar, təəssüf!

Qurbanov oyunu idarə edə bilmədi, elə hey fit çaldı. Bu binəva zənn edir ki, bir qayda pozuntusu, sərtlik oldusa, əlini əvvəl cibinə salmalı, sonra oradan çıxardığı kartı havaya qaldırmalıdır.

Qoymadı ki, top iki dəqiqə meydanda hərəkət eləsin, tez-tez durdurdu. Qurbanovun idarəçisi olduğu oyunlarda meydana çıxan futbolçulara yazığım gəlir.

Kim futbola nifrət etmək istəyrsə, bir dəfə onun olduğu oyunda iştirak eləsin. Sevimli peşəsindən iyrənib gedəcək.

90+6-cı dəqiqədə verilən penalti qərarı Qurbanovun «Turan»a simpatiyasının təcəssümüdür. Cərimə zərbəsindən sonra qapı önündə yaranan qarışıqlıqda, o hava mübarizəsində topa əllə toxunan Rüfət Abbasovu başa düşməyə çalışıram.

Təcrübəsizdir, qəsdən belə etmədi, əli özündən biixtiyar açıldı. Bəs bu epizoddan öncəki oyun anında «Şamaxı»lı futbolçunun yerə yıxırdılmasını necə başa düşək?

Təmiz foul idi bu. Yəqin ki, «Turan» rəhbərliyi bir müddət hakimlik mövzusuna girməyəcək, bu tayfanın nümayəndələrinin onlara qərəzli münasibəti haqda danışmayacaq, mediaya əlaltından «yazın da, yazın» tapşırığı verməyəcək.

Ayxan Abbasov qələbənin çalınmasından, heç şübhəsiz, dilxor oldu. İçi qovurldu, nə qovruldu! Dəyməz amma.

Bu 2:2 ilə Ehtiram Quliyevə sübut elədi - mayda onu qəflətən istefaya göndərməklə nə boyda yanlışa yol verməsi kimi çox şeyi.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti