Premyer Liqanın 8-ci turunun ən prinsipial, ən gərgin, ən maraqlı oyunu bölgədə baş tutacaq.
Debütant “Şamaxı” medallara iddialı “Turan Tovuz”u qəbul edəcək.
Büdcə və hədəflər arasındakı fərqə baxanda, oyunun favoriti qismində qərblilər göstərilə bilər. Hətta “bu oyunun nəyində gərginlik var” sualını verənləri də anlayışla qarşılaşamaq olar.
Ancaq burada söhbət “Şamaxı”nın başında Ayxan Abbasovun dayanmasından və rəqibin yaxın keçmişdə 2 il çalışdırdığı “Turan Tovuz” olmasından gedirsə, prinsipiallıq nöqtəsini müəyyən etmək çətin deyil.
Ayxan bəy sıfırdan yığdığı, min bir zəhmət bahasına formalaşdırdığı, gələcəyi üçün planlar qurduğu klubdan öz xoşu ilə getmədi.
Sponsor adam Ehtiram Quliyev də məhz saytımıza açıqlamasında bildirmişdi ki, futbola fərqli baxışı olan məşqçi ilə anlaşmaq üçün Abbasovla yolları ayırmaq qərarına gəldik.
Tərəflər indi bir-birini görəndə səmimi münasibət göstərir, qol-boyun olurlar. Ancaq işin dərinliyinə getsək, 3 ay əvvəl üzləşdiyi münasibət bəlkə 3 ildən keçsə də, Ayxan Abbasovun yaddaşından silinməyəcək.
Axı, Kurban Berdıyev bu gün məhz sələfinin qurduğu komandanın, yığdığı futbolçuların hesabına nəsə etməyə çalışır. Bu, kənardan açıq-aşkar görünür.
Abbasov 2 il əvvəl “Turan Tovuz”da görməyə başladığı işləri bu gün “Şamaxı”da reallaşdırır və ortabab futbolçulardan kifayət qədər samballı kollektiv qurmağı bacarıb.
Debütant komanda “Turan Tovuz”dan 1 oyun az keçirib və rəqibindən cəmi 3 xal geri qalır.
Bu oyun Ayxan Abbasovun özünü “Turan Tovuz” rəhbərliyinə, eləcə də, Berdıyevə “haqqında danışılan məşqçi mənəm” mesajını vermək üçün özünüsübut anıdır. Mümkün qələbə şamaxılıları liderlər qrupuna yüksəldəcək.
Sözsüz, meydanda mübarizə aparan futbolçulardır. Ancaq onlar da baş məşqçilərin tapşırıqlarını yerinə yetirir.
Demək ki, bu oyun həm də Abbasov-Berdıyev dueli kimi xarakterizə oluna bilər.
Həqiqətən çox maraqlı olacaq.
Bu gün Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ