“Kəpəz”in böyük tarixi və möhtəşəm azarkeşləri var.
Bu komanda yaxşı yerləri haqq edir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında gürcüstanlı Georgi Kantariya deyib.
27 yaşlı yarımmüdafiəçi 2022 /23 mövsümündə “Kəpəz”in şərəfini qoruyanda, komanda çətinliklə də olsa, Premyer Liqadakı yerini qorumuşdu.
“Sarı-göylər” yenə eyni amal uğrunda mübarizə aparır. Lakin indiki vəziyyət kifayət qədər acınacaqlıdır.
Georginin fikrincə, 2 il əvvəl tapşırığın öhdəsindən gəlmək ağır idi, nəinki indi. Buna baxmayaraq, keçmiş komandasının elitada qalacağına ümid edir,
“Mən “Kəpəz”də oynayanda vəziyyət indikindən də ağır idi. Komanda Premyer Liqaya yeni yüksəlmişdi.
Heyət təzə yığılmışdı, məşq etmək, məskunlaşmaq üçün yerimiz yox idi. Öz meydanımızda 3-5 min azarkeşin qarşısında oynayırdıq və onlar daim bizdən uğurlu nəticə tələb edirdi.
Yaşamaq üçün mübarizə aparırdıq. Problemləri və çətinlikləri gözlə gördüyümüz üçün bir ailə şəklində birləşib nəticə verməyə çalışırdıq.
Premyer Liqada qalmaq üçün hansı əziyyətlərə qatlaşdığımızı bir Allah bilir, bir də o dönəmdə klubun daxilində olanlar.
“Kəpəz”i indiki vəziyyətdə görmək çox çətindir. Çox istərdim ki, Premyer Liqada qalsın.
Klub Gəncə kimi gözəl şəhəri təmsil edir və məhtəşəm azarkeşləri var”.
2023-cü ilin yayında “Kəpəz”i tərk edəndən sonra “Telavi” (Gürcüstan) və “Nejmeh”in (Livan) formasını geyinən Kantariya bu ilin iyulundan “Şamaxı”nın futbolçusudur.
HƏBİB