COP29

“Bizdə heç kimin pulu batmır” - Klub rəhbəri ilə MÜSAHİBƏ

27 Sentyabr 14:20 Şamaxı 700
“Bizdə heç kimin pulu batmır” - Klub rəhbəri ilə MÜSAHİBƏ

Sportinfo.az xəbər verir ki, "Şamaxı"nın İdarə Heyətinin sədri Elçin Usub mediasport.az-a müsahibə verib.

- Premyer Liqada cari mövsümün startından bu yana geridə qalan həftələr barədə nə deyə bilərsiniz?

- Mövsüm hələ təzə başlayıb. Yalan danışmayacağam, reallıq gözlədiyimizdən daha yaxşıdır. Məşqçi-oyunçu əziyyəti aşkar görünür. Bizim yenidən çempionata qayıtmağımızla bağlı görülən işlər özünü doğruldub. Mövsüm uzundur. Arxayınlaşmaq olmaz. Qarşıda uzun marafon var. Çalışacağıq ki, işimizi davam elətdirək.

- Komanda ardıcıl 5 turdur uduzmur. Özünüz də bunu gözləmədiyinizi dediniz. Nəticələr yaxşı olduqca hədəflər dəyişir?

- Realist insanam. Futbol böyük vəsait tələb edir. Təəssüf ki, biz hələ onu təmin edə bilməmişik. Elitada "Kəpəz"lə biz sponsor dəstəyindən məhrum olan klublarıq. Gəncə təmsilçisinin şəraiti bizdən daha yaxşıdır. Çünki biz Premyer Liqaya borclarla qayıtmışıq və onları geri qaytarmalıyıq. Ötən ili 1-ci Liqada keçirdiyimiz üçün gələn ilin fevralında UEFA tərəfindən ödəniləcək vəsaitdən də məhrum olacağıq.

- "Şamaxı" bu gün pulun vacib olduğunu, lakin hər şeyin də pulla olmadığını sübut etmir? Məsələn, "Kəpəz"lə büdcəniz eynidir, dövlətdən maliyyələşirsiniz. Amma "Kəpəz"in 0 xalı var, "Şamaxı" liderlər qrupundadır...

- Yaxşı sualdır. "Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadirini yaxından tanıyıram. Ona şəxsən hörmətim var. Bilirəm ki, futbolu sevən, başa düşən biridir. Bu idman növündə hər şeyi əvvəldən planlaşdırmaq olmur. Bəzən bacardığını etsən də, gözlənilməz nəticə ilə qarşılaşırsan. Buna görə də pulla futbol oynamaq mümkün olsaydı, hamı bu işlə məşğul olardı. Lakin başqa şərtlər də var. Komandanın daxilindəki ab-hava, oyunçu-məşqçi heyətinə yaradılan şərait, psixoloji durum - bunlar da nəticəyə təsir göstərir. Görünür, qeyd etdiyim məsələlərin birində futbol məkanı olan Gəncə təmsilçisi "Kəpəz" problem yaşayır. İnanıram ki, onların yetəri qədər peşəkar heyətləri var. Analizlər apararaq nəticələr çıxaracaqlar. Cəmi 7 tur oynanılıb. Gəncəyə futbol yaraşır və orada futbol olmalıdır.

- "Şamaxı" ilə bağlı bu gün üçün hədəfiniz nədir?

- Birmənalı olaraq Premyer Liqada qalmaq. Bütün məsələlər planlı olmalıdır. Komandanın bazası var. İnfrastrukturla bağlı problemlər var. İşıqlandırma sistemi ilə bağlı məsələdən xəbərdarsınız. Peşəkar Futbol Liqasının tələbləri var. 1-2 ilə təbii ot örtüklü meydança məsələsini həll etməliyik. Bunların hamısı ardıcıllıqla görülməlidir. Elitada qalıb möhkəmlənməliyik ki, nəzərdə tutduğumuz işləri görək.

- Qeyd etdiniz ki, Gəncəyə futbol yaraşır. Bəs Şamaxıya?

- Yaraşdırmağa çalışırıq (gülür).

- Ötən mövsümdən futbolçulara olan borcları ödədiniz?

- Bəli. Bircə çempionluq mükafatı qalıb. Sizin də bildiyiniz kimi, bu, gizli deyil. Avqustda Premyer Liqa təmsilçilərinə ödənilməli olan məbləğ klubların hesabına yeni köçürülüb. İyunun 20-dən komanda təlim-məşq toplanışına start verib. Həll edilməli məsələlər var idi. Əmin ola bilərsiniz ki, bizdə heç kimin pulu batmır.

- Avropa Klublar İttifaqının (UEC) İdarə Heyətinin, həmçinin AFFA Klublar Komitəsinin üzvüsünüz. AFFA rəhbərliyi qarşısında, yaxud KK-nın iclasında dövlətin klublara ayırdığı vəsaitin gecikməsi ilə bağlı problemin həll edilməsinə dair təklifiniz olub?

- Bu, texniki məsələlərlə bağlıdır. AFFA rəhbərliyini də qınamaq düzgün deyil. Yeni gəliblər. İnzibati heyət də dəyişib. Oturuşmuş sistem olmalıdır. Vəsaitlərin hesaba köçməsi ilə bağlı gecikmələri normal hesab edirəm. Əminəm ki, rəhbərlik bunu da qaydasına salacaq.

- Klublar sponsor olmadığı üçün vəsaitin azlığından şikayət edirlər. Sizcə, nə qədər məbləğ olsa, klublarda sabitlik yaranar?

- Dediyiniz nisbi məsələdir. Fikirlərə hörmətlə yanaşıram. Bilirsiz ki, ixtisasca hüquqşünasam. Xarici investisiya şirkətləri ilə çalışdığım üçün həmin məsələlərdən yaxşı başım çıxır. Həyatda da belədir: pul həmişə çatışmır. Məbləğin belə artırılmasını həll yolu kimi görmürəm. Avropa Klublar İttifaqının mövqeyindən çıxış edərək pulun daha düzgün, ədalətli bölüşdürülməsi müzakirə predmeti olan məsələlərdir. Vaxtilə AFFA-nın Hüquq Komitəsinin sədri olmuşam. 2005-ci ildə tərtib olunan "Futbolun İnkişaf Proqramı"nın hazırlanmasında rəhbərliyin tapşırığı ilə iştirak etmişəm. "Pulu xərcləməkdə məqsədim nədir?", "Hara getmək istəyirəm?" - bu suallar haqda ciddi düşünmək olar. Pulun çoxluğu yox, onun səmərəli istifadəsi ön plana çəkilməlidir. Avropa Klublar Birliyinin hədəfi rəqabət balansının bərpa edilməsidir. 1990-cı illərin ortasında FKSB Çempionlar Liqasının qalibi olmuşdu. Bu gün elə komandalar, "Dinamo" (Zaqreb) kimi kollektivlər ÇL-da heç bir ciddi uğur əldə edə bilməzlər. Bu, nədir? Avropa futbolunda rəqabət balansının pozulması. Futbol təkcə puldan ibarət deyil. Başqa dəyərlər var. Açığı, ümid edirəm ki, AFFA rəhbərliyi bu istiqamətdə cəhdlərini yönəltsə, daha düzgün olar. Əslində, düzgün yolda irəliləyirlər. İnşallah, yaxşı olar.

- Klublar Komitəsinin iclasında qadın futbolunun inkişafı ilə bağlı 50 min manat məbləğ təyin edilib. Belə çıxır ki, komandanız yoxdursa, ondan imtina edirsiniz? Ümumiyyətlə, qadın futbolu və onun meyarları ilə bağlı sizin nə təklifləriniz var?

- İmtina etmirik. Bizim qadınlardan ibarət futbol komandamız var. Lisenziyalaşdırma şərtlərinə görə, qadın futbol komandasına başqa cür də dəstək göstərmək olar. Mən həm də Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüyəm. Onların da qadın futbol komandası var. "Şamaxı"nın da onlarla əməkdaşlığı var. Bu yaxınlarda İtaliyadan geri dönmüşdülər. Dubayda vəkillər arasında keçiriləcək dünya çempionatına getmək istəyirik. Müəyyən reallıqlar var. Qadın futboluna yuxarıdan aşağı baxa bilmərik, bu, birbaşa UEFA və FİFA-nın diqqət mərkəzindədir. Bunu görməzlikdən gələmək olmaz. Klublar Komitəsinin avqustun axırında olan iclasında qadın futbolu ilə bağlı məsələ müzakirə edilsə də, yarımçıq qaldı. Lakin İşçi Qrup yaradılır. Azərbaycan futbolu Premyer Liqadakı 10 klubdan ibarət deyil. 1-ci, 2-ci Liqa təmsilçiləri də var. Onların da səsi eşidilməlidir. Nə üçün heç olmasa, Klublar Komitəsində onlar da fikirlərini bildirməsinlər? Bəlkə də bu gün Premyer Liqanın köklü klubları 1-ci Liqanı görməyiblər. Mən isə görüb gəlmişəm. Harada nələrin xərcləndiyini siz də bilirsiniz. Nə üçün hansısa 2-ci Liqa klubu evində yemək hazırlamalı və komandanın səfər matçında qida ehtiyatını təmin etməlidir? 50 min manatlıq ödəniş, məsələn, niyə də 70 min manat olmasın? Bunların hamısı region klubları üçün önəmlidi və futbol elə orada inkişaf etməlidir. Bakıda futbol oynamağa yer yoxdur. Var? Yoxdur axı. Varsa, deyin.

- Sizcə, Premyer Liqa təmsilçiləri ilə 1-ci Liqa klubları arasındakı səviyyə fərqi nədədir?

- 1-ci Liqa klublarına da hörmətlə yanaşıram. Birmənalı olaraq fərq 10 dəfə deyil. Biz keçən mövsüm orada oynayanda sırf yerli futbolçularla mübarizə apardıq, çempion olduq. Həmin komandanın Elitada itib-batacağını hesab etmirəm. Lakin həmin komanda bu formatda Premyer Liqada oynamaq çətin olardı.

- "Şamaxı" həm də aşağı yaş qruplarındakı nəticələri ilə də gündəmə gəldi. Orada durum necədir? Gənclər böyükhesablı məğlubiyyətlərə görə psixoloji cəhətdən "sına" bilərlər.

- Aşağı yaş qrupları ilə bağlı iyunun əvvəlində İcraiyyə Komitəsinə müraciət etdim. Yenə də ödənişlərin səmərəli istifadəsi məsələsinə qayıdırıq. Orada əsaslandırmışdım ki, "Şamaxı"da aşağı yaş qrupları 3-4 ilə yaxındır ki, fəaliyyət göstərirlər. U-16-ya qədər komandamız var. Bizim U-17, U-19 komandamız yoxdur. Müraciət etmişdim ki, həmin yarışlarda iştirakla bağlı bizə möhlət verilsin. Məsələyə baxıldı və qərar qəbul olunmadı. U-17 komandamızı məcburiyyətdən, süni şəkildə yaratdıq və rəqiblər qapımızdan 7-8 top keçirirlər. Onlar üçün xərclər çəkilməlidir. U-17-nin olması zəruri şərtdirsə, bununla Azərbaycan futbolu inkişaf edəcəksə, hər oyunda qapımıza kifayət qədər qol vurulacaqsa, olsun.

Digər Xəbərlər
Xəbər Lenti