COP29

Azərbaycana gələn məşhurun qardaşı: “Bura mənim səviyyəmə uyğundur”

26 Sentyabr 02:00 Şamaxı 281
Azərbaycana gələn məşhurun qardaşı: “Bura mənim səviyyəmə uyğundur”

Sportinfo.az xəbər verir ki, “Şamaxı”nın belçikalı hücumçusu Conatan Benteke sualları cavablandırıb.

- Necə oldu ki, “Şamaxı”dan təklif aldınız?

- Menecerim Azərbaycandan təklif olduğunu bildirdi. Mən də komandanın imkanları və hədəfləri ilə maraqlandıqdan sonra bunu qəbul etdim.

- Təklif gələndə birinci kiminlə məsləhətləşdiniz? Sizə klub barədə nə dedilər?

- Məsləhətləşdiyim insanlar oldu. Buranı karyeram üçün yeni addım olaraq gördüm. Buna görə də şansımı dəyərləndirmək istədim. Klub barədə araşdırma apardığım zaman yaxşı məqamların şahidi oldum.

- Şamaxı haqqında araşdırma apardığınız zaman sizi ən çox nə cəlb etdi?

- Bu şəhərin zəngin mədəniyyətə sahib olduğunu gördüm. İnsanları çox istiqanlıdır.

- Vaxtilə İngiltərə Premyer Liqasında oynayan bir futbolçu üçün Azərbaycan çempionatında çıxış etmək necə hissdir?

- İngiltərə Premyer Liqası karyeram üçün mükəmməl təcrübədir. Hər zaman dünyanın ən yaxşı liqasında oynamağı arzulayırdım və bu şans mənə qismət oldu. Əldə etdiyim təcrübəni Azərbaycan çempionatında tətbiq etmək istəyirəm.

- Premyer Liqanın səviyyəsini necə dəyərləndirirsiniz?

- Çempionat barədə çox yaxşı düşüncələrim var. Rəqabətli komandalar və güclü oyunçulardan ibarət liqadır. Mənim səviyyəmə də uyğundur. Klublar üçün yaxşı şərait yaradılıb. Premyer Liqanın daha da inkişaf edəcəyinə inanıram.

- Bilirik ki, tanınmış futbolçu Kristian Benteke sizin qardaşınızdır. O, hətta sizin “Şamaxı”ya keçidinizlə bağlı rəsmi instaqram hesabında paylaşım da etmişdi. Maraqlıdır, bu transferlə bağlı onun rəyi necə oldu?

- Qardaşım Kristian mənim buraya gəlişimə çox sevindi. Keçmişdə bəzi çətin anlar yaşasam da, artıq inkişaf etmişəm. O da mənim "Şamaxı"ya keçməyimi dəstəklədi.

- Kristian Benteke oyunlarınızı izləmək üçün Azərbaycana gəlməyi düşünürmü?

- Onun çıxış etdiyi ABŞ çempionatı bir neçə aya yekunlaşacaq. Daha sonra qardaşım öz ailəsi ilə Dubaya səfər edəcək. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana yaxın olduğu üçün buraya da gələcək.

- Qardaşınız Belçika millisi ilə yanaşı, tanınmış klublarda çıxış edib və sizdən daha populyardır. Onun səviyyəsinə çata bilməməyinizin səbəbi nədir?

- Kristianın səviyyəsinə çatmaq çox çətindir. Çünki yaxşı komandalarda və liqalarda çıxış edib. Mən də əlimdən gələni etdim, amma onun kimi olmaq alınmadı. Lakin öz üzərimdə hər zaman çalışıram.

- Tanınmış futbolçulardan kiminlə dostluq edirsiniz?

- Çox dostum yoxdur. Ancaq Fransanın “Lion” komandasında çıxış edən Klinton Mata ilə yaxınam.

- Yeri gəlmişkən, “Lion” UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. Dostunuz sizdən Ağdam təmsilçisi barədə informasiya alıbmı?

-O, “Qarabağ”ın güclü və avrokuboklarda böyük təcrübəyə malik komanda olduğunu deyib. Amma hər hansı bir məlumat almayıb. Hətta məni komandalar arasında keçiriləcək oyunlara dəvət edib.

- “Şamaxı” Misli Premyer Liqasına uğurlu start verib. Komanda olaraq bu mövsümkü hədəfiniz nədir?

- Həqiqətən mövsümə çox yaxşı start verdik. İlk hədəfimiz elitada qalmaqdır. Bir-iki komandanı çıxmaq şərti ilə, digər klublar eyni səviyyədirlər.

- Mərkəz hücumçusu mövqeyində oynayırsınız. Bu mövsüm neçə qol vurmağı düşünürsünüz?

- Nə qədər qol vuracağım üçün özümə təzyiq göstərmirəm. Ancaq mövsümü 10 qolla başa vursam, xoş olar.

- Azərbaycan mətbəxində sevdiyiniz xüsusi yeməklər varmı?

- Azərbaycan mətbəxində təbii məsullara daha çox üstünlük verirlər. Xüsusi olaraq hansısa yeməyin adını çəkə bilməyəcəyəm, çünki bütün təamları bəyənirəm.

- Kollektiv daxilində ən zarafatcıl futbolçu kimdir?

- Bu, çox çətin sualdır. Ad çəkəsi olsam, gürcüstanlı komanda yoldaşım Georgi Kantariyanı qeyd edərdim. Məşqlərdə çox zarafat edir.

- Sonda “Şamaxı” azarkeşlərinə nə demək istərdiniz?

- Bizi dəstəkləməyə davam etsinlər. Çünki onlar bizə əlavə stimul verirlər. Komandamız çox yaxşıdır. Futbolçuların da səviyyəsi yüksəkdir. Premyer Liqada yaxşı nəticə qazanmaq üçün daha çox çalışacağıq.

Digər Xəbərlər
Xəbər Lenti