Mövsümün əvvəlində tələm-tələsik yığılan “Şamaxı”dan bu cür başlanğıcı kim gözləyirdi?
Ayxan Abbasovun ortabab yerli və əcnəbi futbolçulardan formalaşdırdığı kollektiv çempionatda meydana çıxdığı 6 oyunun yalnız 1-də məğlub olub.
Bölgə təmsilçisi “Zirə”, “Sumqayıt” və “Kəpəz”i məğlub edib, “Neftçi” və “Sabah”la bərabərə qalıb, yalnız “Araz-Naxçıvan”a boyun əyib.
Artıq hədəf Premyer Liqadakı yeri qorumaq yox, yuxarı pillələrdən birini tutmaqdır.
Hər halda, komandanın əsas simalarından olan gürcü yarımmüdafiəçi Georgi Kantariya Sportinfo.az-a açıqlamasında belə deyib:
“Komandamız yeni yığılanda, bəli, hədəf Premyer Liqada qalmaq idi. Ancaq daha yaxşı yerlərdən birində yer almaq imkanı yaranıbsa, niyə də olmasın?
İdmançı maksimumu düşünməlidir. Düşünmürsə, onda heç nə alınmayacaq.
Çempionatın sonu hansı pillədə yer alacağımızı göstərəcək. İndidən konkret nəsə demək çətindir”.
6 oyundan sonra 11 xal toplayan “Şamaxı” turnir cədvəlində 6-cı pillədə yer alıb.
“Şirlər” növbəti oyunu sentyabrın 29-da “Turan Tovuz”a qarşı keçirəcək. Şamaxıda baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.
HƏBİB