Ayxan Abbasov yenə öz ampluasındadır.
"Zirə"də, "Sumqayıt"da və "Turan Tovuz"da etdiklərini "Şamaxı"da təkrarlayır.
Növbəti çətin missiyanı uğurla həyata keçirir.
Aşağı liqadan qayıdan "şirlər"i bir aya ərsəyə gətirdi.
Bu futbolçuları harda gördü, onlara necə inandı bilmirəm.
Amma meydanda sanki illərin bir yerdə çıxış edən komandasını görürük.
Bu gedişlə qarşıya qoyulan məqsəd ikinci dövrə yetişmədən öz həllini tapacaq.
Sanki bu adam üçün çətinlik anlayışı yoxdur.
Liqanın ən aşağı büdcəsinə sahibdir, heyət kasad, keyfiyyət aşağı.
Bir sözlə, bölgə klubunun uğursuz nəticələri sıralaması üçün nə qədər səbəb saysaq bitməz.
İstedadlı mütəxəssis yığdığı kollektivlə çətinliklərə meydan oxuyur.
6 matçda yığılan 11 xalın tablosu belə deyir.
Orada hansı rəqiblər yoxdur ki?
Milyonluq futbolçuların cəm olduğu "Neftçi", yayda Avropada tarix yazan "Zirə", ötən mövsüm Konfrans Liqasında ölkəmizi təmsil etmiş "Sumqayıt" və "Sabah".
"Neftçi" ilə matçdan sonra Ayxan Abbasov "yerli məşqçilərə lazım olan dəstək yoxdur" ifadəsini işlətmişdi.
Bilirəm, heç zaman işsiz qalmayan çalışdırıcı bunu özü üçün yox, yerli həmkarları adına dilə gətirmişdi.
Məncə, bacarıqlı mütəxəssis hər konfransda bu fikirləri elə özün də səsləndirsə azdır.
Çünki onun səviyyəsi autsayder komandalarda işləməyi çoxdan ötüb.
Təəssüf ki, klub rəhbərləri bu həqiqəti görmür.
İddialısı dəvət etmir, iddiası artan ortabab da qapını göstərir.
XANOĞLAN İMANOV