“Şamaxı” Premyer Liqanın 6-cı turunu qələbə ilə başa vurdu.
Bölgə təmsilçisi doğma meydanda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdi ki, qələbədə əsas rolu Belajdi Pusi oynadı.
Albaniyalı hücumçu həm yeganə qolun ötürməsini verdi, həm də bir çox epizodlarda rəqib müdafiəçilərə çətin anlar yaşatdı.
Oyun başa çatandan sonra Pusi Sportinfo.az-a müsahibə verib.
- Bu cür qələbədən sonra hislər fəqlidir yəqin.
- Qələbə öz yerində. Adama ən çox xoş gələn çəkdiyin zəhmətin yerdə qalmamasıdır. Yeni qurulmuş komandayıq, buna baxmayaraq, nələrsə etməyə çalışırıq və hələ ki, istəyimizə çatırıq. Bu cür davam etməliyik.
- “Sumqayıt” kimi çətin rəqibi məğlub edəcəyinizi təsəvvür edirdin?
- Hər oyuna qalib gəlmək üçün çıxırıq, o cümlədən bu matça. Məşqlərdə çox əziyyət çəkirdik, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırdıq ki, nəticə qazanacaq. Keyfiyyətli futbolçulara, təcrübəli baş məşqçiyə sahibik. Odur ki, qələbə qazanmağımız bizi təəccübləndirmədi. Sadəcə, istədiyimizi əldə etdik.
- Premyer Liqada qalmağı hədəfləyən komanda üçün 6 turdan sonra sonuncu pillədəki rəqibindən 8 xal irəlidə olmaq zarafat deyil. Bu cür gedişatı necə, gözləyirdin?
- Əlbəttə, çox yaxşı haldır. “Neftçi” və “Sabah” kimi komandalarla bərabərə qalmışıq, “Zirə”ylə “Sumqayıt”ı məğlub etmişik. Bu, bizi sevindirməyə bilməz. Yaxşı nəticələr qazanmaq üçün Ayxan Abbasovun təklifini düşünmədən qəbul edib bura gəldim. Zamanla daha yaxşı işlər görə biləcəyimizi düşünürəm.
- Uğurlu başlanğıcın əsas sirrini nədə görürsən?
- Sirr deməzdim. Sadəcə, çox yaxşı kollektivə malikik. Komanda 1-2 nəfərdən asılı deyil. Hamı bir nəfər kimi yumruq olub. Məşqlərdə çox çalışırıq, can qoyuruq. Həm yaxşı kollektiv olmağımızın, həm də çox işləməyimizin sayəsində inamlı çıxış edirik. Lakin hələ heç nə etməmişik. Qarşıda çətin oyunlar olacaq.
HƏBİB