COP29

Kaşpirovski və ya siyasətin məşqçisi

4 Sentyabr 10:40 Şamaxı 946
Kaşpirovski və ya siyasətin məşqçisi

Bu mövsüm Premyer Liqada qalmaq uğrunda bir yox, bir neçə komanda mübarizə aparır.

«Kəpəz» və «Səbail»lə yanaşı, «Şamaxı» da həmin siyahıya daxildir.

Digərlərindən fərqli, Ayxan Abbasov çıxdıqları yolun axırını gizlətmir.

Hədəf kiçiltmək deyil bu. Gerçəyi ictimailəşdirməkdir bu. Ayıb bir şey etmir yəni. Olanı söyləyir, ayağını yorğanına görə uzadır.

Abbasov rəhbərliyinə söz verib. Vəd edib ki, «Şamaxı» lift olmayacaq, Premyer Liqada qalacaq.

Bacaracağına inanıram. «Neftçi» ilə qarşılaşma içimdəki bu ümidi bir qədər də artırdı.

Qonağın adından, heyətindəki futbolçuların ranqından çəkinməyən, qola daha yaxın tərəf olan, oyunun əsas bölümünü hücumda keçirən bir «Şamaxı» izlədim.

Bahalı və səviyyəli futbolçularla işləməyən ayxan Abbasov belə komanda yaradıbsa, bu rayonda hamı ona sayğı ilə yanaşmalı, üz-üzə gələndə ayağa qalxmalı, ikiəlli görüşməlidir.

Şamaxı və «Şamaxı» üçün bir tapıntıdır o.

Var məşqçinin siyasəti. Var siyasətin məşqçisi.

Ayxan Abbasov siyasətin məşqçisidir. Roman Qriqorçuk Şamaxıda onun siyasətindən vaxtında baş açmadığı üçün «Neftçi» səfərdə qələbə qazana bilmədi. «Şamaxı» 60-65 dəqiqə rəqibini panikada saxladı.

Rikardu Fernandes və Leroy Mikels kimi legionerləri başqa məşqçilər «Şamaxı»ya qazandıra bilməzdi. Ayxan Abbasov onları bura gəlməyə necə razı salıb, mənə çox maraqlıdır.

Sanki Kaşpirovskidir. Futbolçuları necə təsiri altına alırsa, özünə necə sevdirir, bağlayırsa, bilmərrə mürid olurlar.

Bu da təbii istedad və bacarıqdır.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti