COP29

Şamaxıda Emin Mahmudovla bağlı xoş mənzərəyə yersiz müdaxilə

3 Sentyabr 19:20 Şamaxı 4 453
Şamaxıda Emin Mahmudovla bağlı xoş mənzərəyə yersiz müdaxilə

Emin Mahmudov üçün "Neftçi" günləri heç də xoş keçmir.

Öncə əsas heyətdə yerini itirdi, ardınca kapitanlıq sarğısı əlindən alındı.

Roman Qriqorçuk ondan üz döndərsə də futbol fanatlarının Mahmudova olan sevgisi xüsusi olaraq qalır.

Nəinki "ağ qaralar"ın, hətta rəqib azarkeşlərin də kapitana məxsusi hörməti var.

Buna Şamaxıda növbəti dəfə şahidlik etdik.

Oyunun startına hələ 1 saata yaxın zaman qalsa da, tribunada yerini alan tərəfdarlar Emini yanlarına çağırdılar.

Yerli tərəfdarlar "8 nömrə" ilə bir az söhbətləşib, ardınca selfi çəkdirmək xahişi etdilər.

32 yaşlı yarımmüdafiəçi istəyə müsbət cavab verdi.

Futbol adına gözəl görünən mənzərəni polislərin müdaxiləsi pozdu.

Təhlükəsizliyə cavabdeh şəxslər azyaşlı uşaqları yerində oturmağa məcbur etdilər.

Axı niyə?

Oyun heç start götürməyib. Tribunada az sayda azarkeş var.

Ən əsası həmin uşaqlar meydana yad əşya atmır, kimisə təhqir etmir.

Sadəcə sevdiyi futbolçu ilə söhbət etmək, selfi çəkdirmək fürsətindən yararlanır.

Dünya futbolunda dəfələrlə eyni hala şahidlik etmişik/edirik.

Bəlkə də həmin uşaqların matçın başlamasına 1 saat qalmış tribunada yerlərini almasında məqsəd bu anın dadını çıxarmaqdır. Onu da yarımçıq qoydular.

Tam olsaydı...

Sabah məhəlləsindəki dostlarına Eminlə olan şəkilləri göstərəcək, hadisəni nəql edəcək və bununla başqa yeni azarkeşləri də stadiona gəlməyə təşviq etmiş olacaqdı.

Tribuna mədəniyyəti belə formalaşır, insanlar futbolu belə sevir.

Maneələr isə olub-qalanları da bu sahədən uzaqlaşdırır. Ümid edək ki, "Şamaxı" rəhbərliyi növbəti ev oyunlarında bu kimi məqamları nəzərə alacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti