COP29

Diqqətiniz bu komandada olsun! – Pulu az olsa da, ortada iş var

28 Avqust 23:00 Şamaxı 848
Diqqətiniz bu komandada olsun! – Pulu az olsa da, ortada iş var

“Şamaxı” – sponsoru olmayan, dövlətin ayırdığı vəsaitin hesabına Premyer Liqada mübarizə aparan iki klubdan biridir (digəri “Kəpəz”dir).

Ötən mövsüm I Liqada çempion adını qazanaraq elitaya yüksələn bölgə təmsilçisi yayda ciddi dəyişikliklərə məruz qaldı - yeni baş məşqçi gətirildi, heyətin 90 faizi yeniləndi, qısası, ayyarım ərzində tələm-tələsik komanda formalaşdırıldı.

İlk 4 turda bu komanda hansı rəqiblərlə üz-üzə gələcəkdi? “Sabah”, “Araz-Naxçıvan”, “Qarabağ”, “Zirə”...

Ehtimal olunan xal sayı neçə idi? Ən yaxşı halda “Araz-Naxçıvan”la səfər heç-heçəsi, düzdür?

“Şamaxı” cari mövsümdə öz azarkeşinin üzünü görməyib, doğma meydan amilindən yararlanmayıb. Avrokubok iştirakçılarının xahişi ilə iki matçı səfərdə keçirib, “Qarabağ”la görüş təxirə salınıb.

Aktivindəki 4 xalla “Kəpəz”ylə “Neftçi”ni qabaqlayır, “Araz-Naxçıvan” və “Səbail”lə 6-8-ci pillələri bölüşür.

“Şirlər” rəqiblərini Şamaxıda – öyrəşdikləri meydanda qəbul etsəydi, xal ehtiyatı indikindən çox olacaqdı, buna şübhəniz olmasın. Lakin indiki halı ilə də təəccübləndirməyi və rəqiblərinin canına qorxu salmağı bacarıb. Həftəsonu Şamaxıda gerçəkləşəcək “Neftçi”ylə matç isə yağın üstündə bal effektini verəcək.

Sınıq-salxaq görünən “Neftçi”ni məğlub etmək, ən pis halda 1 xal qazanmaq ehtimalı kifayət qədər yüksəkdir.

Ayxan Abbasov “Sumqayıt”la “Turan Tovuz”da olduğu kimi, burada da yox yerdən var etmək məcburiyyətinin özü üçün alın yazısı olması ilə qəbullanıb. Elə bu həvəslə çalışır, Premyer Liqada digər klubların ehtiyac duymadığı futbolçularla nəticə qazanmaqda davam edir.

“Sabah”la səfər heç-heçəsinə nail olub, “Zirə”ni rəqib meydanında məğlub edib, “Araz-Naxçıvan”la matçda boşa verilən qol imkanlarına görə uduzublar. 3 oyunda toplanın 4 xal.

Diqqətiniz “Şamaxı”da olsun. Cari mövsümdə sürpriz nəticələri sıralamaq üçün ən real namizəddir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti