COP29

Üç-beş min dollarlıq legionerlərlə hara qədər gedə bilərsən ki?

11 Avqust 21:15 Şamaxı 2 605
Üç-beş min dollarlıq legionerlərlə hara qədər gedə bilərsən ki?

Bugünkü «Şamaxı»da əyər-əskik çoxdur.

Çatışmazlıqlar klubun boyundan da böyükdür.

Ayxan Abbasov «son qəpiyimizə kimi transfer edəcəyik» açıqlamasını boş yerə səsləndirmədi. Ağıllı adamdır, işini bilir, vəziyyəti düzgün analiz edir.

I Liqada çempion olan heyətdən 5-6 nəfər qalıb, ya qalmayıb.

Yeni baş məşqçiyə normal büdcə verilməyib, verilsəydi, onları da yola salardı. Ya da uzağı, 1-2 nəfərə «qal» deyərdi, daha artığına yox.

İndi məcburdur. Əli və cibi kasad olan klubda çalışmaq məşqçini vaxtından xeyli qabaq qocaldır.

Ramiz Məmmədov 8 ay ərzində «Şamaxı»da çox məşəqqət yaşadı, məhrumiyyətlərlə üzləşdi, inam olmadığı halda, komandanı gətirib çempion elədi.

Ramiz Məmmədovun üzləşdiyi çətinlikləri Ayxan Abbasov da bu gün yaşamaqdadır.

«Şamaxı» Premyer Liqada qalsa, bu da onun çempionluğa bərabər nəticəsi sayılacaq. Üç-beş min dollarlıq legionerlərlə hara qədər gedə bilərsən ki?

Şamaxı varlı-hallı rayondur. Turizm bölgəsidir.

Şamaxının bu başından o başına kimi gedirsən, gözün gözəl mənzərədən doymur, hər tərəfdə villa, malikanə, iri ticarət mərkəzləri, müəssisə, şirkət, falan-filan görürsən.

Belə imkanlı rayona bu cür kasıb komanda yaraşmır. Yerli rəsmi dairələr əlini daşın altına qoyub, Şamaxının adına klub formalaşdıra bilər.

Bu, onlar üçün su içmək kimi asan məsələdir.

Əgər «Şamaxı»nı iddialı eləsələr, açığı, fikirləşirəm ki, Ayxan Abbasova da qapını göstərəcəklər. Deyəcəklər, hər oyunu udmalısan, üç-dörd turdan bir qələbə bizi məmnun etmir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…