COP29

"Bəlkə də bir az sərt şəkildə narazılıq etmişəm"

10 Avqust 11:03 Şamaxı 444
"Bəlkə də bir az sərt şəkildə narazılıq etmişəm"

“Şamaxı”nın kapitanı Adil Nağıyev Premyer Liqanın 1-ci turunun "Sabah"la matçı (2:2) ilə bağlı Sportinfo.az-a müsahibə verib.

- Çətin səfərdə meydana çıxdıq. Rəqib bir neçə gün əvvəl "Makkabi" kimi güclü rəqibi avrokuboklardan uzaqlaşdıra bilmişdi. Yəni kiminlə oynadığımızın fərqində idik. Buna rəğmən yaxşı nəticə üçün yola çıxmışdıq. Komandamıza inanırdıq. Heyətimiz yenidir, uşaqlar hələ adaptasiya olmayıb. Bu şərtlər altında mövsümə yaxşı start verə bildik. Bir xal bizim üçün yaxşıdır.

- Rəqibin gücü barədə özün geniş danışdın. Maraqlıdır, belədə yaxşı nəticə üçün hansı məqam "Şamaxı"nın dadına çatdı?

- "Sabah"ın oyunlarını izləmişdik. Ayxan müəllim rəqibin boşluqlarını bizə demişdi. Məşqçimiz tapşırdığı kimi mübarizə apardıq. "Sabah" "Makkabi" kimi rəqibi büdərədə bilirsən, biz niyə "Sabah"a qarşı eynisini etməyək?

- Təqvimlə bu gün Şamaxıda meydana çıxmalıydınız. Yerdəyişmə ilə bağlı razılaşma olmasaydı, bu gün qələbə barədə danışa bilərdiniz?

- Futbol proqnozları sevmir. Əvvəlcədən nəsə demək çətindir. Təbii ki, doğma azarkeşlərimiz önündəki ab-hava ilə qələbə də qazanmaq mümkün idi. Süni meydan amili də var. Lakin qismət Allahdan. Burada uduzmamaq da pis nəticə deyil.

- 0:2-də məğlubiyyətlə razılaşmışdınız?

- Xeyr. Sadə səhvlərdən qollar buraxdığımızın fərqində idik. Ruhdan düşmədik. Baş məşqçimiz də fasilədə inam verdi ki, hətta qələbə belə qazana bilərik. Biz də inanaraq məğlubiyyətdən xilas ola bildik.

- Bir neçə epizodda hakimlərlə mübahisə yaşadın. Necə şərh edərdin?

- Meydanda kapitanlar danışa bilər. Oyunun gedişində emosional vəziyyətdə oluruq. Bəlkə də bir az sərt şəkildə narazılıq etmişəm. Lakin ümumi götürsək hakim idarəçiliyi ilə bağlı problem görmürəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…