Bir müddət əvvəl yay fasiləsində “Şamaxı”dan ayrılan futbolçuların klubdan maaşlarını ala bilmədikləri üçün AFFA-ya şikayətə getdiklərini xəbər vermişdik.
Məsələ ilə bağlı federasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Sportinfo.az-a açıqlama verib:
“Hələ ki futbolçulardan rəsmi qaydada Oyunçuların Statusu və Transferi Komitəsinə bununla bağlı müraciət daxil olmayıb”.
Elnur bəy “ümumiyyətlə, problem mövsümün startına kimi davam etsə, "Şamaxı"ya hər hansı cəza verilmə ehtimalı varmı” sualına isə belə cavab verib:
“Biz də eşitmişik bu məsələ ilə bağlı. Klubun İdarə Heyətinin sədri Elçin Usubun müsahibəsi ilə də tanışıq.
O da bildirib ki, müqavilədə olan öhdəliklər tam şəkildə yerinə yetiriləcək, yaxın vaxtlarda borclar ödəniləcək. Ona görə də inanırıq ki, bu məsələ qısa vaxt ərzində öz həllini tapacaq”.
Bu sezon "Şamaxı" birinci divizionda iştirak edəcək. Adıçəkilən yarış isə 13 sentyabr start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ