COP29

Premyer Liqa klubunun çalışdırıcısı icraçı direktorun ən etibarlı kadrının pulunu kəsdi

18 Avqust 15:15 Səbail 2 135
Premyer Liqa klubunun çalışdırıcısı icraçı direktorun ən etibarlı kadrının pulunu kəsdi

İyundan bəri qaynar qazan kimi qaynayan «Səbail»də növbəti narazılıq baş qaldırıb.

Təəssüf ki, hadisələrin episentrində yenə Şahin Diniyev dayanıb.

2022-ci ilin dekabrından bu yana komandanı çalışdıran şəxs indi də Rəşad Məmmədovu «qaralayıb».

Baş məşqçi 2023-cü ilin iyulunda «Sumqayıt»ı «Səbail»ə dəyişmiş mətbuat xidmətinin rəhbərini sıxma-boğmaya salıb.

O, klubun himayədarı olan «Xəzər Dəniz Gəmiçiliyi»ndəki dəstəkçiləri ilə görüşündə Məmmədovun əleyhinə danışıb.

İddia edib ki, guya, Rəşad bəy icraçı direktor Firuz Abdullanın göstərişi ilə mətbuatda ona qarşı kampaniya aparır. Həmçinin onu da deyib ki, «Səbail»dən mediaya informasiyalar press-ateşe vasitəsilə ötürülür.

Diniyevin Məmmədova əsl münasibətini daha bir faktdan görmək olar.

Belə ki, komanda Premyer Liqanın ikinci turunda «Neftçi» ilə 1:1 oynayıb və bunun müqabilində 500-600 manat civarında mükafat alıb.

Gəl ki, ötən mövsümdən fərqli olaraq, baş məşqçi mətbuat katibinə mükafat yazmayıb.

Halbuki dəyərli funksionerin «Sumqayıt»dan ayrılmasının əsas səbəblərindən biri də bu idi. O, «Səbail»dəki ilk ilində 50 faiz miqdarında mükafat alıb, indi isə bu faiz 0-dır.

Əlbəttə, R.Məmmədov Ş.Diniyevin qohum-əqrabasından olsaydı, bu münasibətlə üzləşməzdi. Amma aydındır, belə də getməz.

Rəşad Məmmədov klubun iki aparıcı fiqurundan biridir. Firuz Abdulladan sonra ən geniş real səlahiyyət sahibidir.

Bu 1 ildə böyük işlər görüb, «Səbail»in media ilə bağlantılarını yaradıb və inkişaf etdirib.

Onun təyinatından sonra KİV-də «Səbail»in mövqeləri güclənib. Bir sözünü iki edən azdır.

Odur ki, Şahin Diniyevin Rəşad Məmmədovun çörəyinə bais olmağa heç bir əsası yoxdur. Bunun üçün klubda başqaları var.

Baş məşqçinin icraçı direktora gücünün çatmadığı halda, onun ən yaxın kadrını hədəf seçməsi, təbii, yaxşı hal deyil və yəqin ki, etdiyi hərəkət tezliklə bumeranq kimi özünə qayıdacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…