«Şamaxı»nın baş məşqçisi Ayxan Abbasov «Səbail» rəhbərliyinin siyahısındadır.
2022-ci ilin dekabrından bəri komandanı çalışdıran Şahin Diniyevdən canını qurtarmağın yolunu axtaran «dənizçilər» Şamaxının eyniadlı təmsilçisinin sükanı arxasında olan mütəxəssisi diqqət mərkəzinə alıb.
Bunu Bayıl klubunun idman direktoru Zamiq Hüseynovun ”Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibovla əlaqə saxlaması da sübut edir.
O, həmkarıyla danışaraq, ”Kaş Ayxan Abbasovu 2 gün tez istefaya göndərərdiz, biz də onu bura dəvət edərdik” söyləyib.
İdman direktoru etiraf edib ki, hələ mayın ortasında Şahin Diniyevlə yolları ayırmaq qərarına gəliblər, lakin vaxtında layiqli namizəd tapmadıqlarından, bu planı təxirə salmaq məcburiyyətində qalıblar.
Hüseynov hazırkı baş məşqçi ilə müqavilənin onların iradəsindən asılı olmayaraq 1 illik uzsadılmasını da gizlətməyib.
Ayxan Abbasov 2022-ci ilin yayından bu ilin mayın 28-dək «Turan»ın başında dayanıb. Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev heç bir səbəb göstərmədən onunla müqaviləyə birtərəfli qaydada xitam verib.
Ancaq məşqçinin işsiz günləri cəmi bir neçə gün çəkib. I Liqanın çempionu olaraq Premyer Liqaya qayıdan «Şamaxı» Abbasovla birillik kontrakt bağlayıb.
«Şirlər» yeni çalışdırıcı ilə hazırda uğurlu qrafik cızır. Bütün proqnozları alt-üst edən kollektiv 11 xalla turnir cədvəlinin 6-cı sırasında yer alıb.
Onlardan fərqli, «Dənizçilər» Premyer Liqaya uğursuz start verib. Yeddi tura vur-tut 4 xal toplayıblar. Turnir cədvəlinin autsayderlər qrupunda yer alan Bayıl təmsilçisi I Liqaya yuvarlanmağa namizədlərdən biridir,
Klubun İdarə Heyətinin sədri Rauf Vəliyevin Şahin Diniyevə münasibəti bu üzdən dəyişib. Ötən mövsüm komandaya 10 milyon manatın üstündə büdcə avıran sədr sonluğa pərişan alıb.
Avrokuboklar zonasında görmək istədiyi kollektivin imkanlarından qat-qat zəif çıxış etməsi onu şoka salıb. Baş məşqçini bu üzdən hələ mayda yola salmaq istəyib.
Diniyevə əvəzləyici axtardığı günlərdə yüksək vəzifəli şəxslərdən birindən zəng gəlib. Həmin məmur ondan adıçəkilən çalışdırıcıya toxunmamağını xahiş edib.
Mötəbər insanın sözündən çıxa bilməyən Vəliyev Diniyevlə müqavilənin müddətini daha 1 il uzatmağı tapşırıb.
SPORTİNFO.AZ