
“Oyun bərabər səviyyədə keçdi. Fikrimcə, 0:0 ədalətli nəticədir”.
“Səbail”in legioneri Dmitri Litvin Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”la oyunu şərh edib.
İlk hissədə komandalar təhlükəli vəziyyət yaratmaq baxımından çətinlik çəksələr də, fasilədən sonra üstünlük tovuzluların tərəfinə keçdi.
Buna baxmayaraq, lazım olan qolu vurmaq mümkün olmadı. Nəticədə həm avrokuboklara vəsiqə qazanmaq istəyən qonaqlar, həm də elitadakı yerini qorumağı hədəf seçən meydan sahibləri 1 xalla kifayətləndi.
Ukraynalı müdafiəçi “uduzmaqdan qorxurdunuz” sualını bu cür cavablandırıb:
“Turan”ın ən təhlükəli yeri “standartlar”dır. Ona görə də hava toplarında rahat davranmamalarına çalışırdıq. Bu tapşırığın öhdəsindən gəlməklə işin yarısının öhdəsindən gəldik.
Ehtiyatlı oynamağımız qorxaqlıqla bağlı deyildi. Sadəcə, top irəlidə olanda ona lazımınca nəzarət edə, hücum qura bilmirdik.
Yəqin bu, kənardan qorxmağımız kimi görünüb. Fikir verirdinizsə, “Turan” da böyük qüvvə ilə irəli atılmırdı. Hər iki komanda ehtiyatlı davranırdı.
Rəqibin gücünü, hədəfini və oyunun gedişatını nəzərə alsaq, 1 xal pis deyil. O başqa məsələ ki, daha yaxşı ola bilərdi”.
HƏBİB