
«Səbail» Elvin Məmmədovla ilk məğlubiyyətini «Qarabağ»dan aldı.
Bu yenilgi tamamilə gözlənilən idi və güman ki, davamı da olacaq.
Artıq mövsümün boyu qısalıb. «Səbail»i I Liqadan cəmi 6 tur ayırır. Yəqin ki, möcüzə baş verməyəcək.
«Kəpəz»lə xal fərqi 7-dir və bu, kifayət qədər ciddi rəqəmdir.
«Səbail» rəhbərliyi məsləhətə qulaq asan deyil. Onlar sözümüzü dinləsəydi, mövsümə Şahin Diniyevlə başlamaz, vaxt və xeyli pul itirməzdilər.
Ən böyük səşvi onda etdilər, indi də onun altını çəkirlər.
Yaxşısı budur, I Liqanın hazırlıqlarına sabahdan başlasınlar. Qarşıdakı həftələrdə gənclərə «yaşıl işıq» yandırsınlar, meydanı daha çox onlara versinlər.
Onsuz da, hazırkı legionerlərin heç biri qalıb aşağı liqada oynayan deyil. Heç yaşlı yerlilərin bir çoxu da I Liqada «Səbail»ə xidmət etməyəcək.
Ümid cavanlaradır, hansı ki, bu klubda onların sayı kifayət qədərdir. Rüstəm və Oruc kimi perspektiv vəd edən gənclərin önünü açmaq, yeni-yeni rüstəmlərin, orucların sayını artırmaq lazımdır.
Deyir, sığırçın gəldi-gedərdir, adama qalan sərçə olacaq.
MUSA