
Bu həftə turnir cədvəlinin lideri ilə sonuncu pillənin sahibi üz-üzə gələcək.
“Qarabağ” çempionluğun bir addımlığındadırsa, “Səbail” elitanı tərk etməmək üçün mübarizə aparır.
Qüvvələr arasında yerlə göy qədər fərq olsa da, ağdamlıların süni örtükdən ehtiyatlanması və Qurban Qurbanovun bəzi aparıcı oyunçulara istirahət imkanı verməsi “dənizçilər”i xal arzusuna qovuşdura bilər.
“Səbail”in müdafiəçisi Dmitri Litvin Sportinfo.az-a açıqlamasında qarşılma ilə bağlı inamlı danışıb:
“Bu il “Qarabağ”la o qədər oynamışıq ki, sayını itirmişəm. Xeyr, yorucu deyil, əksinə, mənə zövq verir.
Güclü rəqiblə oynayanda istər-istəməz nələrisə öyrənirsən, maksimumu verirsən. Ona görə də səbrsizliklə gözləyirəm.
“Qarabağ” hər nə qədər güclü olsa da, xal və ya xallar almaq üçün əlimizdən gələni edəcəyik. Bu il rəqiblər “Qarabağ”ı udmağı bacarıb.
İnanıram ki, biz də edə bilərik. Sadəcə diqqətli olmalı, səhvlərə yol verməməli, ələ düşən imkanlardan maksimum yararlanmalıyıq.
Elə vəziyyətdəyik ki, bundan sonra ancaq 3 xal barədə düşünməliyik. Bizə özümüzdən başqa heç kim kömək etməyəcək. Mümkün nə varsa, etməliyik”.
Aprelin 11-də “ASCO Arena”da keçiriləcək oyunun start fiti saat 19:00-da çalınacaq.
HƏBİB