"Hansısa insanın ağzını yummaq mümkün deyil"

30 Mart 18:50 Səbail 481
"Hansısa insanın ağzını yummaq mümkün deyil"

Sportinfo.az xəbər verir ki, “Səbail”in məşqçisi Elvin Məmmədov Premyer Liqanın 28-ci turunun “Kəpəz”lə oyunundan (1:1) sonra mətbuat konfransında sualları cavablandırıb.

- Bilirdik ki, bizi çətin rəqib gözləyir. "Kəpəz" əsas rəqibimizdir. Oyunun ciddiliyinin fərqinə varırdıq. Məncə, indiki durumda bu 1 xal bizə xeyir verəcə.

- Sanki "Səbail" 1 xal üçün oynayırdı. Turnir cədvəlindəki vəziyyətiniz bunu tələb edir?

- Futbolçuların yerinə danışmaq asan olar. Əziyyəti onlar çəkir. Yorulubsa, bir az vaxt apara bilər. Bu, futbolun qanunudur. Amma bura 1 xal üçün gəlməmişdik, 3 xal üçün gəlmişdik. Şükürlər olsun ən azından uduzmadıq. Çempionat davam edir. Ümidimizi üzməmişik, sona qədər mübarizə aparacağıq.

- Cavid Hüseynovdan əvvəl müvəqqəti baş məşqçi təyin olunmuşduz. Əgər baş məşqçi postunda qalsaydız, vəziyyət fərqli ola bilərdi?

- Keçmiş qaldı keçmişdə. Qaytara bilmərik. Rəhbərlik sağ olsun ki, həm həmin dövrdə, həm də indi mənə şans verdi. Çətin durumda olan komandaya gənc məşqçini təyin etmək asan qərar deyil. Nəsə demək çətin olar. Bəlkə də vəziyyət daha betər olardı, bəlkə də yaxşı olardı.

- Bundan sonrakı dövrdə komandanı psixoloji cəhətdən hazırlamaq çətin olmayacaq?

- Bununla bağlı həqiqətən də çox işləyirik. Cavid Hüseynovun vaxtında da komanda oynayırdı. Mən də bunu yaşamışam. Uduzduqca futbolçuda düşüş olur. Məqsədimiz futbolçuları psixoloji cəhətdən hazırlamaqdır. Ümid edirəm ki, bu durumdan çıxacağıq.

- Cavid Hüseynovla dost olmusuz. Onun gedişindən sonra baş məşqçi təyin olundunuz. Bu, münasibətlərinizə təsir etməyəcək?

- Bizim Cavidlə səmimiyyətimizə şübhə olmasın. Ailəvi dostuğumuz var. Mən Cavid Hüseynovdan qabaq da burada idim. Onun komandadan hansı şəkildə getməsi bizim dostluğumuza xələl gətirməyəcək. İnsanlar danışacaq, bu, normaldır. Hansısa insanın ağzını yummaq mümkün deyil.

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO