
Millinin sabiq baş məşqçisi Arif Əsədovun oğlu Fuad Əsədov iş yerini itirib.
«Səbail»in yeni çalışdırıcısı Elvin Məmmədov onunla çalışmaq istəməyib.
2022-ci ilin dekabrında Şahin Diniyevin özüylə bərabər Bayıl klubuna gətirdiyi, daha sonra Cavid Hüseynovla çalışmış qapıçılar üzrə məşqçi artıq burada fəaliyyət göstərməyəcək.
Məmmədov onun yerinə akademiyadan Rauf Salamovu görəvə gətirib.
Ondan qabaq Ceyhun Rzayevlə Zaur Əliyev «dənizçilər»lə vidalaşmalı olub.
Əgər Rzayev istefaya göndərilən Cavid Hüseynovun ardınca düşərgədən gedibsə, ikinci uzun müddətdir çalışdığı klubdan yeni baş məşqçinin tələbi əsasında uzaqlaşıb.
Ümumiyyətlə, Elvin Məmmədov islahata başlayıb. Ötən həftə sükan arxasında Cavid Hüseynovu əvəzləyən keçmiş köməkçisi komandanın həkimini işdən çıxarıb.
O, buna səbəb kimi düşərgədə zədəli oyunçuların sayının çoxluğunu göstərib.
Məmmədovun qənaətinə görə, həkim məsuliyyət daşıdığı sahəyə barmaqarası yanaşıb. Rəhbərlik onun qərarına heç bir müdaxilə etməyib.
«Dənizçilər» Elvin Məmmədovla 2,5 aylıq müqavilə imzalayıb. Onun qarşısına komandanı Premyer Liqada saxlamaq vəzifəsi qoyulub.
Bayıl təmsilçisi 27 turdan sonra 18 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ