İstefaya göndərilən baş məşqçiyə təzminat verilməyəcək - “İndi hirslənmişəm“ dediyi üçün

15:00 Səbail 871
İstefaya göndərilən baş məşqçiyə təzminat verilməyəcək - “İndi hirslənmişəm“ dediyi üçün

“Səbail” istefaya göndərilən Cavid Hüseynova kompensasiya ödəmək fikrində deyil.

Saytımıza bu haqda klubdan məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, 3 gün öncə vəzifəsindən uzaqlaşdırılan mütəxəssis rəhbərliyə münasibətdə hörmətsiz davranıb.

Belə ki, o, Premyer Liqanın 27-ci turu çərçivəsində “Neftçi“ ilə keçirilən oyundan sonra funksionerlərin “üzbəüz əyləşək və bütün problemləri aydınlaşdıraq“ təklifinə saymazyana yanaşıb.

37 yaşlı çalışdırıcı mətbuat konfransında odlu-alovlu çıxış edib, ardınca ona görüşə gəlməsi istənilib.

Hüseynov isə “indi hirslənmişəm, bir az əsəblərim soyusun, danışarıq“ deyərək, stadiondan uzaqlaşıb. Həmçinin ona edilən telefon zənglərinə isə cavab verməyib.

Hüseynov bu fikirlərinə görə istefaya göndərilib? - Video

Həmin oyundan sonra keçirilən mətbuat konfransında C.Hüseynov klubun maddi vəziyyətindən gileylənib, tək qaldığını, özlərini yiyəsiz komanda kimi hiss etdiklərini söyləyib. O, dəstək ala bilmədiyini bildirib.

Mətbuat konfransında C.Hüseynov özü komandadan ayrılması ilə bağlı heç bir fikir səsləndirməyib. Amma həmin tədbirdən az sonra klub Hüseynovu istefaya göndərdiyini açıqlayıb. Bu isə istefa qərarının həmin fikirlərlə bağlı olmasını isbatlayır.

“Dənizçilər“ onun dövründə 16 oyun keçirib. Bayıl klubu çempionatda 13, kubokda 3 matça çıxıb.

Komanda Premyer Liqada 2 qələbə və heç-heçə əldə edib. 7 dəfə uduzan paytaxt təmsilçisi 5 qol vurub, 13-nü buraxıb.

Baş məşqçi cəzalı olduğundan kubok görüşlərinə kollektivi meydanı köməkçisi çıxarsa da, Hüseynov kənardan “Səbail”ə rəhbərlik edib. Bu 3 qarşılaşmada 1 qələbə və 2 məğlubiyyəti olan bakılılar 3 qol vurub, 4-nü buraxıb.

Ümumilikdə, 16 görüşdə 3 qələbə və 4 heç-heçəsi olan “Səbail” 9 dəfə uduzub. 8 qol vuran bakılılar 17 top buraxıb.

Cavid Hüseynov ötən ilin noyabrında “dənizçilər“in sükanı arxasına keçmişdi.

Həmin vaxt Şahin Diniyevi əvəzləyən “Turan Tovuz“un sabiq məşqçisi ilə 2025/26-ci il mövsümünün sonunadək müqavilə imzalanmışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti