Cavid Hüseynov sevinə-sevinə getdiyi Bayıldan niyə hay-küylə uzaqlaşdı? - DETALLAR

18 Mart 22:20 Səbail 599
Cavid Hüseynov sevinə-sevinə getdiyi Bayıldan niyə hay-küylə uzaqlaşdı? - DETALLAR

Cavid Hüseynovun məşqçi bacarığına hər zaman güvənənlərdən olmuşam. Həm "Şamaxı"da, həm də "Səbail"də onun komandası məşqçi işini meydana əks etdirə bilib.

Bəlli fəlsəfəsi, kənardan aydın görünəcək qədər oyun sistemi var.

Amma yaxşı məşqçi olmaq üçün bu elementlər yetərlidirmi?

Təbii ki, yox. Ən azı taktiki, texniki biliklər qədər klubun əməkdaşları və mətbuatla kommunikasiya da bir məşqçi üçün önəmlidir.

Gənc mütəxəssis məhz bu mərhələdə çox geri qalır. Son başverənlər də bunu növbəti dəfə təsdiqləmiş oldu.

"Neftçi" ilə oyundan sonrakı mətbuat konfransındakı açıqlamalar yüngül desək etik deyildi.

Kimsə bunun adını cəsarət qoymağa çalışsa belə.

Ölkə futbolu çox kiçik çərçivənin daxilindədir. Harada nələr baş verməsindən tam da olmasa, böyük ölçüdə məlumatımız var.

Guya digər elita klublarında rəhbərlik baş məşqçinin mühafizəsi ilə məşğuldur? Uğursuzluq varsa, arada narazılıq da qaçılmazdır. Lakin bu günə qədər hansı məşqçinin media önündə mükafat söhbəti etdiyini görmüsüz? Mən xatırlamıram. Niyyət nə olursa olsun.

Maraq üçün bildirim ki, sabiq baş məşqçi Şahin Diniyevin dönəmində (söhbət bu mövsümdən gedir) "Səbail"də mükafat fondu ümumiyyətlə olmayıb. Hətta Hüseynovla danışıqlarda da bu məqam onun diqqətinə çatdırılıb. Sadəcə sonradan ona jest olaraq müəyyən məbləğin ayrılmasına qərar verilib. İndi durub mükafatın az-çox olması ilə bağlı şikayət etmək nə dərəcədə ədalətlidir? Özü də media önündə...

Heç qış fasiləsindəki "transfer bazarlığı" ilə bağlı şikayət də məntiqli səslənmir. 2 il futbol oynamayan Mirabdulla Abbasovu rəhbərlik yox, Hüseynov özü komandaya gətirib. "Neftçi"nin yetirməsi bu gün parlaq çıxış etsəydi, baş məşqçi az tərif qazanmayacaqdı. Varlığı ilə yoxluğu bilinmədiyi üçün də elə onun özü günahkardır.

Digər hücumçu İnnosent Nşuti də baş məşqçinin üzünü ağ etməyi bacarmadı. 8 oyunda 1 qol vura bilməyənhücumçunun da günahı rəhbərlik yox, baş məşqçinin boynundadır. Adama deyərlər gətirdiklərin nə işə yarayıb ki, hələ bir gətirə bilmədiklərindən də şikayət edirsən.

Ümumiyyətlə, 5 ay əvvəl "Səbail" nə idisə, bu gün də odur. Nə ictimaiyyətin kluba fikri dəyişib, nə də klubda rəhbər dəyişib. Belə olan təqdirdə Hüseynovun ötən ilin noyabrında sevinə-sevinə getdiyi Bayıldan bu gün belə hay-küylə ayrılmasının adı nədir? İzah tapmaqda çətinlik çəkirəm.

Gənc mütəxəssis sanki həftələrdi yığılıb qalan hirsini son mətbuat konfransında ətrafa dağıtdı.

Düzdü, qış fasiləsindən sonra "Səbail"in oyununda müsbət elementlər yox deyildi. Amma bu gün komanda üçün vacib olanı tablodur. Orada isə vəziyyət ürəkaçan deyil. Hüseynova kimi də durum buna bənzər idi. Elə məşqçi dəyişikliyi də tablodakı mənzərəni dəyişmək üçün edilmişdi. Ona xilaskar gözü ilə baxılırdı. Amma rəhbərliyi altında 14 oyuna çıxan "dənizçilər"in aktivində cəmi 2 qələbə var. Özünün də dediyi kimi, əsas rəqiblər də qələbələri sıralamaqdadır. Qarşıda isə cəmi 9 matç qalır.

Görünür, hər iki tərəf üçün arzuolunmaz gedişat gənc məşqçini əməlli-başlı aqressivləşdirib. Əsəblər tarıma çəkilib. Nəticə də ortada.

Hardan baxsaq, zərərli addım idi. Yekunda da istefası ilə nəticələndi.

Bəlkə də belə emosional olmaq futbolçu kimi meydanda Cavid Hüseynovun işinə yarayıb, amma baş məşqçi kimi səbrli davranmaq, emosiyalara sahib çıxmaq mütləqdir.

Məhz o zaman məşqçi kimi Azərbaycan futboluna gələcəkdə xeyir verə, xəyallarını və arzularını da gerçəkləşdirə bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək
18 Mart 05:00 Növbəti etirafı etdi