
“Səbail”in əlinə əla fürsət düşmüşdü.
“Şamaxı”yla öz nmeydanındakı matçda qələbə qazanacağı təqdirdə məhz bu rəqiblə xallarını bərabərləşdirəcək, həm də şəxsi oyunlardakı göstəricilərə əsasən sonuncu pillədən qurtulacaqdı.
Lakin cəmi 30 dəqiqə düz-əməlli futbol göstərən “dənizçilər” sonradan “yuxuya düşdü”. Bölgə təmsilçisi də bundan maksimum yararlanıb 2 qol vurdu, cari mövsümdə bəlkə də ilk dəfə bir görüşdə bu qədər qol imkanı yaratdı.
Oyundan sonra Sportinfo.az-a açıqlama verən Süleyman Alluş məğlubiyyəti şərh edib, özünün və komanda yoldaşlarının qol vurmaq probleminə aydınlıq gətirib:
“Hər kəs gördü ki, oyuna yaxşı başladıq, bir neçə qol imkanı yaratdıq. Lakin sonradan nə baş verdiyini özüm də başa düşə bilmədim.
Hücumlar qururuq, real imkanlar yaradırıq, lakin son ötürmə, bəzən də son zərbə çatmır.
Məşqlərdə bunun üzərində çox çalışırıq, ancaq oyun vaxtı alınmır.
Eyni sözlər müdafiəyə də aiddir. Rəqib hücumları zamanı konsentrasiyanı və oyun intizamını qorumalıyıq”.
25 turdan sonra 18 xalla sonuncu olan “Səbail”, 22 xalla 8-9-cu pillələri bölüşən “Kəpəz”lə “Şamaxı”dan 4 xal geridə qalır.
HƏBİB