
Ölkə futbolsevərlərinə yaxından tanış olan Mikels qardaşlarının üçüncüsü də ölkəmizdə top qova bilərdi.
“Sabah”ın şərəfini qoruyan Coy-Lens Mikelsin əkiz qardaşı Coy-Slayd Mikels baxışdan keçmək üçün yanvardaAzərbaycana gəlmiş, “Səbail”in məşqlərində iştirak etmişdi.
Lakin bir müddətdən sonra düşərgəni tərk etmək məcburiyyətində qalmışdı.
Mikels Bakıda kuryoz hadisə ilə üzləşib.
Belə ki, onunla öncədən baxışdan uğurla keçəcəyi təqdirdə müqavilə bağlanacağına dair razılıq əldə olunub. Həm də az məbləğdə maaş qarşılığında.
Coy-Slayd bu niyyətlə Azərbaycana gələrək məşqlərə qoşulub, özünü yaxşı tərəfdən göstərib.
Sövdələşmənin baş tutacağını gözlədiyi anda ona yeni futbolçunun transferi üçün büdcədə pul qalmadığı bildirilib.
Legioner futbolçu eşitdiyi xəbərdən şoka düşüb. Lakin başqa çıxış yolu qalmadığından, düşərgəni tərk etmək məcburiyyətində qalıb.
30 yaşlı vingerin son klubu “Ay-Yıldızspor” olub.
O, daha öncə İsveçrədə “Aarau”nun və Norveçdə “Strommen”in şərəfini qısa müddət qoruyub. Futbolçunun karyerasının böyük hissəsi Almaniyanın aşağı dəstə komandaları ilə bağlıdır.
Bildirək ki, qardaşlardan digəri Leroy Mikels ötən ilin yayından “Şamaxı”nın şərəfini qoruyur.
HƏBİB / SPORTİNFO.AZ