_1.jpg)
"Səbail"in yüksəlişi davam edir.
İnkişaf dinamikası hətta "Qarabağ"a məğlubiyyətdə belə aydın görünür.
Cavid Hüseynov qış fasiləsində kollektivi arzuladığı istiqamətə yönəldə bilib.
Oyunlarda sürətli keçidlər, zamanında geridönüşlər, aktiv pressinq gözdən qaçmır.
Zonalar arasında əlaqə hər ötən tur bərkiyir.
Heyət bir mexanizm kimi çalışır.
Futbolçularda özgüvən artıb. Rəqibin kimliyi önəm daşımır.
Təsadüfi deyil ki, Bayıl təmsilçisi bu il keçirdiyi 8 matçda yalnız "Qarabağ"a məğlub olub.
Hətta 0:5 hesablı darmadağın qeydə alınan görüşdə belə "Səbail"in oyunu müsbət qiymətə layiq olduğunu demək olar.
Bakılılar "Sabah", "Araz Naxçıvan", "Turan Tovuz" kimi ciddi rəqibləri büdrədə bilib.
"Kəpəz" və "Sumqayıt"la "6 xallıq" qarşılaşmaları qələbə ilə bitirib..
İki cəbhədə mübarizə rotasiyaları qaçılmaz edirdi. Bu da oyun sistemində ciddi pozuntuya yol açmır.
Artıq Ölkə Kubokunda mübarizə başa çatdı.
Əsas mübarizə isə qarşıdadır.
Təbii ki, söhbət Premyer Liqada qalmaq məqsədinin öhdəsindən gəlməkdən gedir.
Əsas əskiklik heyətin kasadlığıdır. Bu məqam müsbət dinamikanı poza bilər. Məcburiyyət gənclərə meydan açır.
Şans verilən gənclər də hələki özünü doğruldur. Hüseynov bununla həm gəncləri futbolumuza qazandırır, həm də öz əyər-əskiklərini aradan qaldırır.
Qısası, gənc mütəxəssis "Səbail" adına xoş görüntü yarada bilib.
Qalır sabitliyi qorumaq. Belədə elitada qalmaq ciddi problem olmayacaq.
XANOĞLAN İMANOV