
Aylardan bəridir «Səbail» daxili bir təlatüm yaşayır.
Cavid Hüseynovla klubun idarəçiləri arasında dərin uçurum yaranıb.
Hazırkı postunda dördüncü ayını keçirən baş məşqçi bu adamların seçimi deyil, ona görə də hər tərəfdən sıxışdırılır.
Dediyi, istədiyi transferləri etmirlər.
O, «Araz-Naxçıvan»la qarşılaşmadan sonra təsadüfən mövzuya işıq tutmadı. Sözündə həqiqət payı çoxdur.
Gerçəkləşməyən transfer əməliyyatlarından danışdı, təfərrüata isə varmadı. Bunu havaya atılan daş sanmayın.
Hüseynov bu gün olanları sabah açıqlayacaq. Mövsüm sona yaxınlaşdıqca, biz şəxsin dilindən daha konkret, daha ünvanlı mesajlar eşidəcək, dinləyəcək.
Cavmd Hüseynov hələlik təkbaşına vuruşur. Yuxarıdan heç bir dəstək, yardım almadan. Bir özüdür, bir də futbolçuları. Kimlərin ona xəyanət etməyəcəyinə inanır, onlara da forma geyindirir.
«Səbail» 2025-ci ilin «ən döyüşkən komandası» adını almağa layiqdir. Premyer Liqada qalmasalar belə, mövsümün ikinci yarısında nümayiş etdirdikləri iradəli, çəkinlikdən uzaq futbolla yadda qalacaqlar.
Həftəsonu növbəti sensasiyaya imza ata bilərdilər. «Araz»ın qapısı önündə 2-3 əla qol vəziyyəti yaratdılar, bir topları da dirəkdən döndü.
Yönətim Hüseynova normal hücumçu alsaydı, fit çala-çala qələbələri sıralayar, təhlükəli zonadan uzaqlaşdırardılar.
Baş məşqçi öz adamları deyil deyə, komandadan liqadan aşağıya yuvarlanmasına razı olan bu idarəçilərə nə deyim ta…
ELNUR