
“Sabah” ləngər vurur.
Biri var irəliləyə-irəliləyə yellənmək, biri də var yerində dayanıb sağa-sola tərpənmək.
Bax, “Sabah”ınkı ikincidir.
Xorvat Krunoslav Renduliçin rusiyalı Vasili Berezutskiyə təhvil verdiyi komanda ilk dönəmlərdə pis təsir bağışlamırdı. Kubokda “Turan Tovuz” səddinin keçilməsi, “Qarabağ”la heç-heçə, səfərdə “Araz-Naxçıvan”ı udmaq klub rəhbərliyinin əhvalını cağ etmişdi.
Elə nə oldusa, keçən ilin son həftələrində oldu, elə orda da qaldı.
Hazırkı “Sabah”ın çempionatda qalmaq uğrunda mübarizə aparan “Şamaxı”, “Kəpəz”, “Səbail”dən ciddi fərqi yoxdur. İstər oyun planında olsun, istərsə də nəticə baxımından.
Vasili Vlamiroviçin gəlişindən sonra “tələbələr” Premyer Liqada 9 oyun keçirib. Bu matçların 3-də qalib gəlib, 4-də heç-heçə edib, 2-də məğlub olub. 9 top vurub, bir o qədər də buraxıb.
Uduzduğu komandaların adları “Şamaxı” və “Kəpəz”dir.
Ölkə kubokunda isə “Turan Tovuz”u penalti seriyasında mübarizədən kənarlaşdırıb, 1/4 final mərhələsinin ilk görüşündə “Sumqayıt”la qolsuz bərabərə qalıb. Həm də öz meydanında.
İndiki vəziyyətdə Premyer Liqanın turnir cədvəlində “Sabah” 4-cü sıradakı “Turan Tovuz”dan 7, 3-cü pillədəki “Zirə”dən 10 xal geridə qalır.
Azərbaycanda bu qədər istedadlı mütəxəssislər varkən, hər cür imkanlara və səviyyəli futbolçulara malik “Sabah”ın başına xarici məşqçinin gətirilməsinə nə gərək var?
Qurban Qurbanov, Elmar Baxşıyev, Rəşad Sadıqovun çalışdırdığı komandaların turnir cədvəlindəki yerinə baxın. Berezutski bir tərəfə, Kurban Berdıyev ağırlıqda adam onlara aşağıdan yuxarı baxır.
Ayxan Abbasovun məhdud büdcə ilə oynatdığı futbol və qazandığı nəticələr, Samir Abasovun gəlişindən sonra “Neftçi”nin əvvəlki ruhunu qaytarması, Azər Bağırovun şəraitsiz vəziyyətdə heç nədən konfet düzəltməsi, 36 yaşlı Cavid Hüseynovun “Səbail”də gördüyü işlər – bütün bunlar yerli mütəxəssislərin güzgüsü deyilmi?
Günlərin birində Berezutski də Visente Qomes, Jelko Şopiç, Krunoslav Renduliç kimi sələflərinin gününü yaşayacaq. Ümid edək ki, heç olmasa bu dəfə “Sabah” rəsniləri ölkədən kənara boylanmaq əvəzinə baş məşqçini Azərbaycanda axtaracaq.
Ortabab və və ya indiyə qədər sözünü deməmiş əcnəbilərdənsə, azərbaycanlılara güvənib, uğur gözləmək daha məntiqli deyilmi?
HƏBİB / SPORTİNFO.AZ