
“Son zamanlar oyunlarda şans qazanıram”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Səbail”in futbolçusu Emin Rüstəmov deyib.
20 yaşlı yarımmüdafiəçi komandasının Premyer Liqada keçirdiyi son oyunu haqda da danışıb.
Onun sözlərinə görə, “Sabah”la qolsuz bitən qarşılaşma olduqca çətin keçib və hər iki tərəf qalib gəlmək üçün mübarizə aparıb:
“Baş məşqçinin mənə etimad göstərməsi sevindiricidir. Buna görə çox xoşbəxtəm.
Çalışıram ki, mənə verilən güvəni boşa çıxarmayım. “Sabah”la çox ağır oyun keçdi.
Hər an qalib və ya məğlub ola bilərdik. Çünki hər iki komandanın yetəri qədər qol epizodları var idi, lakin dəqiqlik çatmadı.
Meydanda yaxşı xarakter göstərdik. Belə bir matçda 1 xalı belə qənaətbəxş hesab etmək olar”.