And-aman, 0:5 “şapalağ”ı və ya dəymə bizə, pul-paramız qurtarıb

15 Fevral 23:40 Səbail 1 207
And-aman, 0:5 “şapalağ”ı və ya dəymə bizə, pul-paramız qurtarıb

Mövsüm final mərhələsinə yaxınlaşdıqca, proqnozlar da özünü yavaş-yavaş doğruldur.

Premyer Liqanı tərk etməmək mübarizəsi «Şamaxı», «Kəpəz» və «Səbail» arasında gedir.

Ola bilsin, «Sumqayıt» da bir-iki tura bu «yarışma»ya qoşulsun. Hər halda bu da istisna olunmamalıdır, gözləniləndir.

Cavid Hüseynovun halına acıyıram. Yaman yerdə axşamlayıb. «Səbail»i «quyu»nun dibindən dartıb çıxarmaq üçün ona bol-bol səbr və bəxt arzulayıram.

Sərəncamındakı futbolçu sayı məhduddur. Saf-çürük etsək, onların içində keyfiyyəti olanlar cəmi bir neçə nəfərdir.

Rəhbərlik də «sağ olsun», əlini əlinin üstünə qoyaraq, baş məşqçini canavar sürüsünün içinə tək buraxıb.

Nə müdafiəsini təşkil edirlər, nə də dediyini edirlər. İki ucuzvari transfer istəyib, ona da qol qoymadılar.

Daş atıb başlarını tutdular ki, dəymə bizə, pul-paramız qurtarıb, aclıq çəkirik. Yalansa…

«Qarabağ»a qədər yaxşı gəlmişdilər, uduzmurdular. Üç tura 7 xal toplamışdılar. Özünəinamın bərq vurduğu bir arada 0:5-in heç yeri yox idi.

76 dəqiqə qapısını toxunulmaz saxlayan «Səbail»in risk almasıyla hesab çox pis döndü.

Cavid Hüseynov qol sayındakı minimal fərqi qorumaq istəsəydi, qapalı futbolundan 5-10 dəqiqəlik də olsa, imtina edərdi. Etmədi amma.

Futbolçuda güvən birdən-birə yaranmır. Qram-qram yaranır. Onun ruhdan düşməsi isə an məsələsidir.

Mütləq ki, «Səbail» 0:5-in stressini yaşayacaq önümüzdəki turlarda.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"
21 Fevral 03:10 Səfərdə Kosovoya uduzduq