2025-ci ildə keçirdiyi 5 oyunun 4-də məğlub olan “Qarabağ”ın işləri qaydasında getmir.
“Köhlən atlar”ın növbəti rəqibi “Səbail”dir.
“Dənizçilər” Premyer Liqanın turnir cədvəlində sonuncu pilləsində qərarlaşsa da, bu il meydana çıxdığı 3 oyunun heç birində uduzmayıb – 2 qələbə, 1 heç-heçə.
“Qarabağ”la “Səbail” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “ASCO Arena”da üz-üzə gələcəklər.
Bayıl təmsilçisinin ispaniyalı yarımmüdafiəçi Qorka Laruçça Sportinfo.az-a açıqlama verib:
“Qarabağ”la qısa müddətdə iki dəfə qarşılaşacağıq. Biri ölkə kubokunda, digəri Premyer Liqada.
Əlbəttə, güclü və ciddi rəqibdir, matçın favoritidir. Ancaq bu, bizi narahat etməməlidir.
İndiki vəziyyətdə biz daha çox öz oyunumuzu və nə edəcəyimizi düşünməliyik. Qış fasiləsindən sonra məğlub olmamışıq. Uğurlu seriyanı davam etdirmək istəyirik.
“Qarabağ”a qarşı bir neçə dəfə oynamışıq. Üstün və zəif cəhətlərini bilirik. Önəmli olan əlimizə düşəcək imkanlardan maksimum yararlanmaqdır.
“Qarabağ”ı məğlub etmək şansımız varmı? Əlbəttə, niyə də yox?! Bunun üçün çalışacağıq”
Fevralın 6-da “ASCO Arena”da keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.
HƏBİB