“Səbail”in legioneri Qorka Laruçça Sportinfo.az-a açıqlama verib.
31 yaşlı ispaniyalı yarımmüdafiəçi komandasının “Turan Tovuz”la səfər qarşılaşmasında əldə olunan 1 xalı dəyərləndirib.
“Hər iki komanda üçün çətin oyun olduğunu düşünürəm. Onlar böyük qüvvə ilə müdafiə olunurdu, biz isə bərabərlik və qələbə topunu vurmağa çalışırdıq.
Çox qaçdıq, çox güc itirdik. Tovuz kimi ağır səfərdən 1 xalla qayıtmaq bizi sevindirir.
Lakin düşünəndə ki, rəqib ikinci hissəni azlıqda keçirib və çoxsaylı qol vəziyyətləri yaratdığımız halda, lazım olan 2 topu vura bilməmişik, açığı, bu, bir az məyus edir.
Önəmli olan odur ki, komandada irəliləyiş var. Yeni ildə məğlubiyyətsiz davam edirik. Bu seriyanı qorumağa çalışacağıq”.
Maraqlıdır ki, Laruçça Kauan Martinsin qırmızı vərəqə almasını dönüş nöqtəsi hesab etmir:
“Düşünmürəm ki, “Turan Tovuz” azlıqda qalmasaydı, rahat şəkildə qələbə qazanardı. Bu fikri yaxına buraxa bilmirəm.
Çünki matçın əvvəlində 2-3 real qol şansı yaratmışdıq və kifayət qədər fəal görünürdük. Sadəcə, ani diqqətsizlik qapımıza qolla nəticələndi.
Qırmızı vərəqə olmasaydı belə, rəqibə təzyiq edəcək, onları müdafiə olunmağa məcbur edəcək, qol imkanları yaradacaqdıq.
Buna əminəm. Çünki “Turan Tovuz”u yaxşı incələmişdik, hansı dəqiqələrdə nə edəcəyimizi bilirdik”.
Fevralın 1-də Tovuzda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.
HƏBİB