Premyer Liqanın 21-ci turunun maraqlı qarşılaşmalarından biri Tovuzda baş tutacaq.
Yeni ildə məğlubiyyətin nə olduğunu bilməyən “Səbail” ötən həftə “Qarabağ”ı udan “Turan Tovuz”un qonağı olacaq.
Qarşılaşmanın hansı gərginlik altında keçəcəyini indidən təsəvvür etmək çətin deyil.
“Kəpəz”lə oyunda qələbənin topunun müəllifi olan Madi Queta Sportinfo.az-a açıqlamasında bölgədəki duel barədə danışıb:
“Əlbəttə, bizi çətin oyun gözləyir. “Turan Tovuz” fiziki hazırlığı ilə seçilən döyüşkən komandadır.
Buna baxmayaraq, mentalitetimiz dəyişmir. Səfərə qələbə qazanmaq üçün gedəcəyik.
2024-cü il geridə qalıb, artıq 2025-dir. Və biz bu il xoş təsir bağışlayırıq.
Ötən il “Turan Tovuz” bizi öz meydanında məğlub etmişdi. Bu dəfə başqa cür olacaq. Qələbələrin davamını gətirmək istəyirik.
Həftəboyu lazım olan tapşırıqlar üzərində işləməklə hədəfə çatacağımıza inanıram”.
Fevralın 1-də keçiriləcək oyunun start fiti saat 16:00-da çalınacaq.
HƏBİB