Tunir cədvəlinin sonuncusu “Səbail” qış fasiləsində ilk yoldaşlıq görüşünü keçirib.
Yanvarın 11-də “Araz-Naxçıvan”la baş tutan oyun “Azersun Arena”da keçirilib.
Xəbəriniz olsun, qarşılaşma bağlı qapılar arxasında oynanılıb. Meydanın kənarına nə azarkeşlər buraxılıb, nə jurnalistlər, nə də futbolçuların yaxınları.
Özünün iddia etdiyi kimi, məşqçi kimi nəyə qadir olduğunu çoxdan sübut etmiş Cavid Hüseynov jurnalistlərin matçı izləməsini, komandadakı yenilikləri görməsini, futbolçulardan müsahibə və açıqlamaların alınmasını məqbul saymayıb.
Bu, əks tərəfdəki həmkarı Elmar Baxşıyevin qərarı olsaydı, “Araz-Naxçıvan”la “Sumqayıt” arasındakı sınaq görüşündə qapılar qıfıllanar, media mənsubları içəri buraxılmazdı. Demək ki, bu, ölkə kubokunun qalibi olmuş Baxşıyevin tələbi deyil.
Məşqçilik bacarığı “Cəbrayıl”ı həvəskarların cəmləndiyi Region Liqasında çempion etməklə məhdudlaşan Hüseynov 3-4 ay yanında işlədiyi Kurban Berdıyevin yolu ilə getməyi üstün tutub. Yatıb-durub fikirləşib ki, Berdıyev məşqləri və yoldaşlıq oyunları qapalı edirsə, mən niyə etməyim?
Diqqətini Kurbana fokuslamaqla Qurbanı unudub. O gün “Qarabağ”la “Kəpəz” üz-üzə gələndə, Qurban Qurbanov qələm əhlinin qarşılaşmanı izləməsinə şərait yaratmışdı. Halbuki, qapıları məhz o, bağlamalı idi.
Son günlər baş qaldıran Juninyo mövzusuna görə özünün və futbolçunun sorğu-suala tutulacağını bilirdi. Zubirin meydana çıxmaması, Benzianın hələ də Azərbaycana gəlməməsi də gizli saxlana bilərdi. Nəyinə lazım “qarğa məndə qoz var” deyib, başını ağrıtmaq?
Ancaq ehtiyac duymadı. İstənilən fövqəladə vəziyyətdən təcrübəsi hesabına çıxmağa hazır olduğunu komandasındakı son vəziyyəti ortaya qoymaqla göstərdi. Hələ yekunda ayaq saxlayıb miktofon və kameraların da önünə keçdi ki, suallarınızı verin, cavablandırım.
2 il əvvəl “Şamaxı”nı elitadan salan, mayda “Səbail”lə eyni aqibəti yaşayacağı kifayət qədər real görünən Cavid Hüseynov yaman qazlı gəlib. Özündənrazı açıqlamaları, qapıları medianın üzünə bağlaması yaxşı heç nə vəd etmir.
İndidən belə edirsə, “Səbail”i Premyer Liqada saxlasa, qarşısından kiminsə keçməsinə icazə verməz. Salam almaz, a kişi.
Allah bizi o günlərdən qorusun.
Nə deyirik, komanda onun, cavabdehlik onun, qərar da onun. Berdıyevi “copy-paste” etməklə işıqlı günə çıxacağına ümid edirsə, qoy olsun.
Ancaq bir şeyi qəti unutmasın. Həbsdə olduğu dönəmdə, elitada məşqçi kimi ilk addımlarını atdığı vaxtda, ona ən böyük dəstəyi məhz mətbuat vermişdi.
HƏBİB